3 Fevral 2022
Mətni dəyiş
Telegram messenceri Rusiyada "qadağan edilmiş" məzmunu silməkdən imtina etdiyinə görə tətbiq edilən 11 milyon rubl cəriməni ödəməli olub. Bu barədə “İnterfaks” Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatlarına istinadən xəbər verib.
Qurum messencerə qarşı beş, dörd və iki milyon rubl cərimənin alınması üçün üç icra prosesini dayandırıb. Onlar Moskvanın Taqanski Məhkəməsinin qərarı əsasında yanvarın ortalarında təyin edilmişdilər.
Ötən il dekabrın ortalarında messencer 6 cinayət işi ilə bağlı şirkətə tətbiq edilən 15 milyon rubl cərimə ödəyib. Moskvanın Taqanski Məhkəməsinin qərarlarına əsasən, buna səbəb Telegramın Rusiyada “qadağan olunmuş” məlumatları messencerdən silməkdən imtina etməsi olub.
Roskomnadzor “qadağan olunmuş məlumatları” silməkdən imtina etdiyi üçün Google, Facebook və Twitter kimi xarici xidmətləri dəfələrlə cərimələyib. Yalnız 2021-ci ilin aprel ayının əvvəlində Twitter mikrobloq xidməti buna görə 8,9 milyon rubl cərimə olunub, bundan əvvəl hakimiyyət sosial şəbəkəni yavaşladıb və onu bloklamaqla hədələyib. Lakin sonradan bu ideyadan vaz keçib. Bundan sonra Roskomnadzor “qadağan olunmuş məlumatların silinməməsi halında” Google-un işini ləngitməklə hədələyib.
Rusiyada müxalif siyasətçi Aleksey Navalnıya dəstək aksiyalarından sonra paylaşımların silinməsi tələbləri güclənib. Dövlət Dumasına seçkilər öncəsi Rusiya hakimiyyəti axtarış sistemlərindən “Ağıllı səsvermə” ifadəsini nəticələrdən çıxarmağı tələb edirdi. Navalnının bu layihəsi Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınan və qadağan edilmiş Korrupsiyaya Qarşı Mübarizə Fondu ilə əlaqəsinə görə bloklanıb.
2021-ci ilin dekabrında Google və Meta Rusiyada “qadağan olunmuş” məlumatları silməkdən imtina etdiyinə görə, dövriyyə cərimələri alan ilk şirkətlər olub. Meta 1,9 milyard rubl, Google 7,2 milyard rubl cərimələnib.