Hazırda Əfqanıstana nəzarət edən Taliban silahlıları 4350 üzvlə yollarını ayırıb. Bu barədə Taliban müvəqqəti hökumətinin Müdafiə Nazirliyinin Təmizləmə Komitəsinin rəhbəri Lütfullah Həkimi mıəlumat verib. Məlumatda qeyd olunur ki, üzvlükdən çıxarılan şəxslərin əksəriyyəti vəzifələrindən pis əməllər üçün istifadə etməklə Talibanının imicinə zərər vurublar. Bundan başqa, yetkinlik yaşına çatmayan 135 uşaq da Taliban sıralarından kənarlaşdırılıb. Həkimi bildirib ki, bəzi Taliban üzvlərinin də İŞİD-lə əlaqələrinin olduğu məlum olub. Onlar da məhkəmə qarşısına çıxarılacaqlar. "Son 5 aydakı bu təmizləmələrlə xeyli pis adam Taliban sıralarını tərk etdi", - deyə qeyd edən Həkimi hazırda ümumilikdə nə qədər Taliban üzvü olduğunu deməyib. Taliban silahlıları 2021-ci ilin avqustunda Əfqanıstanda hərbi çevriliş edərək nəzarəti ələ alıblar.