AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli baş prokuror Kamran Əliyevə müracət edib.
Siyasətçi müraciəti sosial şəbəkələrdə də paylaşıb. Müraciətdə qeyd olunur ki, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin təqdimatı ilə Londonun "Westminster" Məhkəməsi Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarına qoyulmuş 15,3 milyon funt-sterlinqin 5.6 milyon funt-sterlinqini müsadirə edib. Məhkəmənin qərarı cinayət əməli baş verdiyini, 15.3 milyon funt-sterlinqin (35.1 milyon manat) çirkli pul olduğunu təsdiq edir.
Yusifli qeyd edib ki, Cavanşir Feyziyev 2010-cu ildən etibarən Azərbaycan Respublikasının Milli Məclisində 115 saylı Şəki kənd 2-ci seçki dairəsindən deputat seçilir. Milli qanunvericiliyin tələblərinə görə deputatlığa namizədliyini irəli sürən şəxs Mərkəzi Seçki Komissiyasına gəlirləri və mülkiyyəti ilə bağlı deklorasiya verməlidir.
"Bundan əlavə yayılan məlumatlara əsasən, Cavanşir Feyziyev "Avromed" şirkətinin faktiki rəhbəridir. Həmin məlumatlarda o da qeyd olunub ki, "Avromed" şirkəti ölkə dərman bazarının 90 faizinə nəzarət edir. Bu halın özü də anti-inhisar qanunlarının kobud surətdə pozulmasıdır.
Yuxarıda göstərilənlərə əsasən sizə müraciət edərək Cavanşir Feyziyevin toxunulmazlıq statusunun ləğvi və deputat mandatının alınması üçün Milli Məclis və Mərkəzi Seçki Komissiyası qarşısında vəsadət qaldırmağınızı, Böyük Britaniyada müsadirə olunmuş 15.3 milyon funt-sterlinqin (35.1 milyon manat) necə qazanılması və hansı vasitələrlə ölkədən çıxarılması ilə bağlı araşdırma başladılması ilə bağlı qərar verməyinizi xahiş edirəm" , - deyə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli müraciətini tamamlayıb.
Bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. İctimaiyyət nümayəndələri Fevziyevi korrupsiyada ittiham edirlər. Cavanşir Fevziyev isə məsələ ilə bağlı açıqlama yayaraq, onu tənqid edənləri satqınlıqda və xəyanətdə ittiham edib.