“Sərhədsiz reportyorlar" hərbçilərin valideynlərinin Prezident Administrasiyasının qarşısında keçirdiyi etiraz aksiyasını işıqlandıran reportyor Fatimə Mövlamlı və “Azel” TV saytının həbsdə olan redaktorunun xanımı Sevinc Sadıqovanın polis tərəfindən saxlanılmasını araşdırmağa çağırıb.
Təşkilatın Tvitterindəki yazısında "polisin şokedici hərəkəti”nin operativ və şəffaf araşdırılmasına çağırılır.
Söhbət qeyri-döyüş şəraitində həlak olmuş hərbçilərin valideynlərindən ibarət qrupun fevralın 16-da keçirdiyi etiraz aksiyasından gedir. Jurnalistlər saxlanıldıqdan sonra 9-cu polis bölməsinə, daha sonra isə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıblar. Onlar sərbəst buraxıldıqdan sonra açıqlama verərək, zorakılığa məruz qaldıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə iddiaları təkzib edib.