“Mən Rusiyanın beynəlxalq hüququn açıq-aşkar pozulmasından qazanc əldə etmək şansından məhrum olunması üçün sərəncam imzaladım”
Bu sözləri ABŞ prezidenti Co Bayden deyib. Bayden çıxışında konkret nəyi nəzərdə tutduğunu deməsə də, sonrakı xəbərlərdən aydın olub ki, yeni sanksiya sənədləri imzalanıb.
Belə ki, ABŞ Prezidenti Cozef Bayden Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb. Fərman ABŞ-dan malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.
“Biz müttəfiqlər və tərəfdaşlarla, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, - Ağ Ev rəhbəri əlavə edib.
Bununla bərabər, ABŞ Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanıması səbəbindən bu ölkəyə qarşı da sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə Ağ Evdən məlumat verilib.
Bildirilib ki, ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ABŞ-ın qondarma DXR və LXR-in tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb.
Bundan başqa, Böyük Britaniya hökuməti də Rusiyanın qondarma Donetsk (DXR) və Luqansk “xalq respublikaları”nı (LXR) tanıması fonunda fevralın 22-də Rusiyaya qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır.
"Sabah (bu gün-red) biz beynəlxalq hüququn pozulmasına və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hücuma cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyik", - Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri tviterdəki hesabında yazıb.
Fevralın 21-i Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb. Eyni zamanda, hər iki qondarma dövlətlə əməkdaşlıq müqaviləsi də imzalanıb. Artıq o ərazilərin "təhlükəsizliyi" üçün Rusiya ordusuna tapışırıq da verilib.