Rusiyanın Ukraynanı işğalının ikinci günü - [Canlı blog]

Rusiyanın Ukraynanı işğalının ikinci günü -  [Canlı blog]
25 Fevral 2022
Mətni dəyiş

18:21

Sumidə bombardman barədə xəbərdarlıq məqsədilə həyəcan siqnalı işə salınıb. Bu barədə yerli hərbi administrasiya məlumat verib.

Yerli sakinlərə təşviş yaratmamaq çağırışı edilib və bildirilib ki, artilleriya atəşi təhlükəsinə baxmayaraq, məktəblərin və uşaq bağçalarının zirzəmilərində təchiz edilmiş sığınacaqlara çatmağa vaxtları var.

Bir gün əvvəl iki ölkənin qoşunları Sumiyə nəzarət etmək üçün döyüşürdü, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar şəhərdəki rus qoşunlarının məğlub edildiyini söyləmişdi.

******

16:32

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Kiyev yaxınlığındakı Qostomel aerodromunun tutulması zamanı “Ukraynanın 200-dən çox xüsusi təyinatlısının” “məhv edildiyini” bildirib. Qurumun məlumatına görə, Rusiya tərəfi itki verməyib.

“Hazırda hava-desant qoşunlarının əsas qüvvələri Qostomel aerodromunda Rusiyanın desant bölmələri ilə birləşərək Kiyev şəhərini qərbdən bağlayıb”, - Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

O, rus qoşunlarının Çerniqovu blokadaya aldığını da bəyan edib.

******

14:44

Ukrayna Silahlı Qüvvələri Rostov vilayətindəki Millerovo hərbi aerodromuna hava zərbəsi endirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Facebook səhifəsində "Bunu kim edib" şərhi ilə gülləbaran edildiyi iddia edilən yerin fotosu yayılıb. Rusiya hakimiyyət orqanları atəş faktını təsdiqləməsələr də, bir sıra rus KİV-lərində bu barədə qeyri-rəsmi məlumatlar yer alıb. Baza hava hücumundan sonra aerodromda yanğının başladığını bildirib.

˝Bloknot˝-un mənbələrinə görə, hava hücumu nəticəsində 4 nəfər həlak olub. Bu məlumatın təsdiqi yoxdur. 161.ru saytı qurbanlar haqqında yazaraq ˝atəş zamanı təyyarələrə heç nə olmayıb, çünki "bütün təyyarələr... havada olub" qeyd edib.

******

13:15

Kiyevdə hökumət məhəlləsi yaxınlığında atışma eşidilib. Bu barədə Associated Press məlumat yayıb. Agentliyin xəbərinə görə, atışma səhər tezdən Ukraynanın paytaxtında silsilə partlayışlardan sonra başlayıb.

Daha əvvəl hadisə şahidləri şəhərin küçələrində atəş səsləri və Rusiya hərbi texnikası barədə məlumat vermişdilər.

Ukrayna Müdafiə Nazirliyi Kiyev əhalisini evlərini tərk etməməyi və Rusiya hərbçilərinin hərəkətləri barədə məlumat verməməyi, şəhər rəhbərliyini isə ictimai sahədə videoların paylaşımını və onlayn yayımı dayandırmağı xahiş edib.

******

12:36

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Kiyevin şimalında Obolon bölgəsində Rusiyanın təxribat-kəşfiyyat qrupu aşkarlanıb.

Qurum vətəndaşlardan diqqətli olmağı, evlərini tərk etməməyi və Rusiya hərbçilərinin hərəkətləri barədə xəbər verməməyi xahiş edib.

Hadisə şahidlərinin sözlərinə görə, ərazidə atışma səsləri eşidilib, həyətlərdə isə rus hərbi texnikası görünüb.

Bundan əvvəl Ukrayna hüquq-mühafizə orqanlarının nümayəndələri bildirmişdilər ki, Rusiya qoşunları Ukraynaya müdaxilənin ikinci günündə Kiyevə tank karvanları ilə girmək niyyətindədir.

******

12:16

Ukrayna prezidentinin ofisinin nümayəndəsi Mixaylo Podolyak bildirib ki, Ukrayna Rusiya ilə danışıqlar aparmaqdan, o cümlədən onun neytral statusunu müzakirə etməkdən “qorxmur”, lakin Ukraynanın təhlükəsizliyinə və razılaşmaların yerinə yetirilməsinə kimin zəmanət verəcəyi məsələsini həll etmək lazımdır.

Ukrayna həmişə danışıqlara yer buraxıb. O cümlədən indi - Rusiya tammiqyaslı işğala gedəndə də danışıqlar üçüb yer saxlayır. Bu müharibə dayandırılmalıdır. Hərbi əməliyyatlar dayandırılmalıdır. Prezident Zelenski bu gün xalqa müraciətində açıq şəkildə bildirdi ki, o, Avropadan olan həmsöhbətlərindən bizimlə döyüşməyə və Ukraynanı NATO-da görməyə hazır olduqlarını eşitməyib. Bu o deməkdir ki, qorxurlar.

Ancaq Ukrayna qorxmur. Rusiya ilə danışmaqdan qorxmur. Zəmanətlər haqqında danışmaqdan qorxmur. Neytral status haqqında danışmaqdan qorxmur. Onların nə demək istədiklərini bu gün Moskvadan eşitdik. Əgər statusun neytrallığından danışmaq istəyirlərsə, bizim belə müzakirədən qorxumuz yoxdur. Yeganə sual ondan ibarətdir ki, Ukraynanın təhlükəsizliyinə və zaminlər tərəfindən razılaşmaların yerinə yetirilməsinə kim və necə təminat verə biləcək˝.

Rusiya hakimiyyəti Ukraynanın işğalını, o cümlədən onun “demilitarizasiyasını” NATO-ya daxil olması nöqteyi-nəzərindən izah edir. Müharibə başlamazdan bir neçə ay əvvəl Rusiya Qərb ölkələrindən Ukraynanın alyansa üzv olmayacağına dair zəmanət tələb edirdi. NATO bu cür zəmanətləri verməkdən imtina edib.

******

12:07

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı əraziyə nəzarəti ələ keçirib və Ukraynada 118 hərbi obyekti sıradan çıxarıb. Bu barədə “İnterfaks” Rusiya Müdafiə Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Qurumun rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, AES ərazisi fevralın 24-də Rusiya hava-desant qoşunlarının bölmələri tərəfindən nəzarətə götürülüb. Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ukraynalı mühafizəçiləri ilə enerji bloklarının və stansiyanın sarkofaqının birgə təhlükəsizliyinə dair razılığa gəliblər.

“Atom elektrik stansiyasının ərazisində radioaktiv fon normaldır. AES-in şəxsi heyəti AES qurğularına adi rejimdə xidmət göstərir və radioaktiv vəziyyətə nəzarət edir”, - Konaşenkov bildirib.

Rusiya ordusunun Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirmək cəhdləri ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski bu hərəkətləri “bütün Avropaya müharibə elanı” adlandırıb.

Dağıdılan Ukrayna hərbi infrastrukturu arasında Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi 13 təmas nöqtəsi və 11 aerodromun adını çəkib. O, həmçinin hərbi texnikanın, o cümlədən 18 tank və digər zirehli texnikanın, 7 reaktiv yaylım atəş sistemi, 41 ədəd xüsusi texnika, 5 kater, 5 döyüş təyyarəsi, 1 helikopter və 5 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Bundan əlavə, qurum Ukraynaya məxsus 14 S-300 və Osa zenit-raket kompleksinin məhv edildiyini açıqlayıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi 150-dən çox ukraynalı əsgərin təslim olduğunu bildirib. Zmeyinəy adasında 82 ukraynalı hərbçi təslim olub. Konaşenkovun sözlərinə görə, onlar hərbi əməliyyatlarda iştirakdan imtina edən imzalar atırlar. “Yaxın vaxtlarda onlar ailələrinə qaytarılacaq”, - Müdafiə Nazirliyinin sözçüsü bildirib.

******

11:20

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiya qoşunları Ukrayna ərazisindən Kiyevə doğru irəliləyir.

“Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin iki avtomobilini ələ keçirib, Ukrayna hərbçilərinin geyimi geyinib və Obolon istiqamətindən sürətlə Kiyevin mərkəzinə doğru irəliləyirlər . Onların ardınca Rusiya hərbi yük maşınlarının karvanı gəlir”, o Facebook-da yazıb. Bir az sonra Maliar yazısını “Zərərsizləşdirildilər” ifadəsi ilə yeniləyib.

“Ən çətin gün bu gün olacaq. Düşmənin planı tank karvanları ilə İvankov və Çerniqov tərəfdən Kiyevə keçməkdir ", Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz növbəsində deyib.

UNİAN-ın məlumatına görə, fevralın 25-də səhər Rusiya tankları və texnikası karvanı İvankovo ​​kəndindən Kiyev istiqamətində (şəhərdən təxminən 80 kilometr aralıda) yola düşüb. Bundan əvvəl Rusiyanın zirehli texnikasının qarşısını almaq üçün kəndin yaxınlığında körpünün partladıldığı bildirilirdi.

Kiyev yaxınlığındakı Vışqorodda, cümə günü səhər artilleriya toplarının səsləri eşidilib. Rusiya hərbi texnikasının Sumı vilayətində hərəkəti barədə də məlumat verilib.

Səhər saatlarında Kiyevdə həyəcan siqnalları yenidən çalınıb, sakinlərdən dərhal sığınacaqlara getmələri istənilib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı hazırkı vəziyyəti hələlik şərh etməyib.

******

09:00

Ukrayna Milli Bankı səlahiyyətli qurumlara Rusiya və Belarus rublundan istifadə etməklə hər hansı valyuta əməliyyatı aparmağı qadağan edib.

Qurum həmçinin Rusiya və ya Belarusiyada yerləşən hüquqi və ya fiziki şəxslər qarşısında öhdəliklərin yerinə yetirilməsinə qadağa qoyub.

Bundan əvvəl, fevralın 24-də Rusiyanın Ukraynada hərbi əməliyyata başlaması fonunda Milli Bank ölkədə valyuta bazarının işini dayandırıb, hesablardan nağd pul çıxarılmasını “maaşlar və sosial müavinətlər istisna olmaqla” gündə 100 000 qrivna ilə məhdudlaşdırıb.

******

04:57

“Anonymous” haker qrupu Rusiya hökumətinə “kiber müharibə” elan etdiyini bildirib. Bu mesaj qrupun Twitter hesabında yer alıb.

Anonymous-un nümayəndələri Russia Today (RT) kanalının saytına hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər. RT-nin özü bundan əvvəl kanalın internet saytlarında DDoS hücumlarının həyata keçirildiyini bildirmişdi.

Bundan başqa, fevralın 24-ü axşam saatlarında Kremlin, hökumətin, Rusiya parlamentinin internet saytlarına daxil olmaqda çətinliklər yaranıb.

FSB tərəfindən yaradılmış Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi Rusiyanın informasiya resurslarına kiberhücum təhlükəsinin kritik səviyyəsini elan edib.

******

04:22

Odessa vilayətinə aid Qara dənizdə kiçik bir ada olan Zmeyinıy Ukraynaya hücumun ilk günündə rus qüvvələri tərəfindən ələ keçirilib. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Departamentin məlumatına görə, fevralın 24-də səhər saatlarında iki “tanınmayan hədəf” Zmeyinəy adasına yaxınlaşıb. Adada olan İzmail sərhəd dəstəsinin hərbçilərindən təslim olmaları tələb edilib, sərhəd xidməti bildirib və müvafiq audio yazını yayıb.

Daha sonra qurum məlumat verdi ki, sərhədçilər “cəsarətlə müdafiəni davam etdilər” və onlara atəş açılıb.

Zmeyinıy dəniz silahlarından və işğalçıların döyüş təyyarələrindən atəşə tutulduqdan sonra adadakı infrastruktur məhv edilib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə birlikdə adada olan sərhədçilər ilə də əlaqə kəsilib. Mövcud məlumata görə, Zmeyinıy adası ələ keçirilir.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, raket və artilleriya hücumu nəticəsində Zmeyinıy adasında 13 ukraynalı sərhədçi həlak olub. Bundan əvvəl onlara təslim olmaq təklif olunub, lakin onlar bundan imtina ediblər, - Geraşenko bildirib və müvafiq səs yazısını yayıb.

Ukrayna prezidenti Vladimir Zelenski Zmeyinıy adasını müdafiə edən bütün sərhədçilərin öldürüldüyünü bildirib.

˝Zmeyinıy adamızda onu sona qədər müdafiə edərək bütün sərhədçilər qəhrəmancasına həlak oldular. Amma təslim olmadılar. Onların hamısına ölümündən sonra Ukrayna Qəhrəmanı adı veriləcək˝.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü fevralın 25-də bildirib ki, “Zmeyinıy adasının ərazisində onlar silahlarını yerə qoyub, 82 ukraynalı hərbçini könüllü təslim ediblər”. Rusiya hərbçilərinin nümayəndəsi ukraynalıların ölümü ilə bağlı heç nə deməyib.

******

03:07

Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günündə 10-u zabit olmaqla 137 ukraynalı hərbçi həlak olub. Daha 316 nəfər yaralanıb. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Ukrayna prezidenti onu da bildirib ki, onda olan məlumata görə, Rusiya təxribat qrupları Kiyevə daxil olub. Bununla əlaqədar Zelenski şəhər sakinlərini sayıq olmağa və komendant saatına riayət etməyə çağırıb.

Bundan əlavə, Zelenski Kremlin Ukraynanın neytral statusu ilə bağlı danışıqlara hazır olması barədə bəyanatını şərh edib. O bildirib ki, NATO ölkələri Ukraynanı alyansa dəvət etməkdən “qorxurlar” və əlavə edib ki, ölkəyə konkret təhlükəsizlik təminatları verilərsə, Ukraynanın neytral statusunu müzakirə etməyə hazırdır.

******

02:35

Ukrayna prezidenti Vladimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Sənəd Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Səfərbərlik Rusiyanın hərbi işğalı ilə əsaslandırılır. Fərmanın qüvvəyə mindiyi gündən 90 gün ərzində Ukraynanın bütün vilayətlərində keçirilməsi tapşırılıb.

Fevralın 22-də Rusiya qondarma  Donesk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanıdıqdan sonra Zelenski ehtiyatda olan hərbçiləri çağırmaq barədə fərman verib, lakin hələlik ümumi səfərbərliyə ehtiyac görmədiyini söyləyib.

Fevralın 24-də səhər saatlarında Rusiya işğalı başlayandan sonra Vladimir Zelenski Ukraynada 30 gün müddətinə hərbi vəziyyət tətbiq edib. Ukrayna vətəndaşlığı olan 18-60 yaşlı kişilərə artıq ölkəni tərk etmək qadağan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun