4 Fevral 2022
Mətni dəyiş
Moskva cümə axşamı Berlinin Rusiyanın "Russia Today" telekanalının almanca bürosunu qadağan etməsinə cavab olaraq, Almaniya yayımçısı "Deutsche Welle"-in fəaliyyətini dayandırdığını bildirib.
Rusiyanın xarici işlər nazirliyinin yaydığı bəyanatda bildirib ki, Rusiya "Deutsche Welle"-in Rusiya bürosunu bağlayır, bütün işçilərinin akreditasiyasını ləğv edir və kanalın Rusiya ərazisində yayımlanmasının qarşısını alır.
Almaniyanın media nəzarətçisi MABB və media qurumlarının Lisenziyalaşdırma və Nəzarət Komissiyası bu həftə bildirib ki, "Russia Today"-in almanca bürosu Serbiya lisenisyasından istifadə edərək Almaniyada yayımlana bilməz.
Alman yayım şirkəti “Deutsche Welle” teleradio şirkətinin Rusiyadakı bürosunun bağlanmasına etiraz edib və bu qərarı məhkəməyə daşıyacağını bildirib (şirkət 2005-ci ildən Rusiyada yayımlanır).
“Deutsche Welle”-in rəhbəri Peter Limburq Moskvanın büronu bağlamaq əmrini ölkədə söz azadlığına ümumi hücumla əlaqələndirib. “Rusiyada mətbuat azadlığı minimal səviyyədədir, yerdə qalan müstəqil nəşrlər daim mübarizə aparır və bu, Rusiyanın, Rusiya hökumətinin mətbuat və fikir azadlığında maraqlı olmadığının başqa bir əlamətidir. Əgər ölkəni tərk etməli olsaq, Rusiyaya diqqətimizi artıracağıq. Bu, Rusiya tərəfinə də aydın olmalıdır. Biz Rusiyada baş verənlərə etinasızlıq göstərməyəcəyik, getdikcə daha çox işıqlandıracağıq".
Limburqa görə, Rusiya tərəfindən görülən tədbirlər "anlaşılmaz və qeyri-adekvatdır", şirkət yayımın məhdudlaşdırılması qərarı barədə Rusiya Xarici İşlər Nazirliyinin saytındakı mesajdan öyrənib. Məlumatda Rusiya hakimiyyətinin Almaniyada “Russia Today”-in alman bürosunun yayımına qoyulan qadağaya cavab olaraq bütün “Deutsche Welle” işçilərinin Rusiya Federasiyasındakı akkreditasiyasını ləğv edəcəyi aydınlaşdırılır.
“Russia Today” alman bürosunun tələb olunan formatda lisenziyası olmadığı üçün (Rusiyada uydurulmuş və ayrı-seçkilik hesab edilən motiv) Almaniya media tənzimləyicisinin əmri ilə dayandırılıb.
“Russia Today” alman bürosunun işi indi Fransanın media tənzimləyicisi tərəfindən də nəzərdən keçiriləcək. Bu ölkə böhranları - "sarı jiletlilərin" çıxışlarını, Suriya və Mərkəzi Afrika Respublikasındakı hadisələri işıqlandırarkən jurnalistlərin məlumatların təqdimatının xarakteri ilə maraqlanır.