18 Fevral 2022
Mətni dəyiş
˝ABŞ-ın Rusiyanın müəyyən bölgələrindən qoşunların çıxarılması tələbləri qəbuledilməzdir və Ukraynaya planlaşdırılmış işğalla bağlı ittihamlar Moskvaya təzyiq cəhdidir˝.
Rusiya Xarici İşlər Nazirliyi bu bəyanatla ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına reaksiya verib. Rusiya həmçinin deyir ki, təlimlər başa çatdıqdan sonra qoşunlarını qarnizonlara qaytaracaq.
“Məsuliyyəti Rusiyanın üzərinə atmaq, onu münaqişə tərəfi etmək cəhdləri qəbuledilməzdir və heç bir əsası yoxdur”, BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. ˝Ən azı bu açıq-aşkar şeyləri görməməyə çalışan qərbli həmkarlarımızın dəvəquşu mövqeyindən son dərəcə məyus olduq˝.
Qərb və Ukrayna diplomatlarının fikrincə, davam edən Rusiya-Belarus birgə hərbi təlimləri onlar tərəfindən təhlükə kimi qəbul edilir:
˝Ukrayna Rusiya-Ukrayna münaqişəsinin siyasi və diplomatik vasitələrlə sülh yolu ilə həllinə sadiq qalır. Ukrayna təkcə özü üçün deyil, bütün Avropa üçün sülh, təhlükəsizlik və sabitlik istəyir. Eyni zamanda, təkrar edirəm, Rusiya eskalasiya yolunu seçsə, Ukrayna özünü müdafiə edəcək˝, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislisa bəyan edib.
Bu arada, medianın məlumatına görə, cümə axşamı Ukrayna hərbçiləri ilə özünü müstəqil elan etmiş Donbass respublikalarının hərbi hissələri arasında atışma intensivləşib. Ukrayna tərəfinin məlumatına görə, mərmilərdən biri Luqansk Stanisada uşaq bağçasının binasına düşüb. Həmin vaxt orada uşaq olmayıb, lakin iki mülki şəxs yaralanıb.