9 Fevral 2022
Mətni dəyiş
Yaponiya Rusiya-Ukrayna böhranında “Şimal axını-2” qaz kəmərinin kəsilməsi ehtimalından sonra işə qarışıb.
Yaponiyanın ticarət naziri Koiçi Hagiuda Rusiyanın Ukraynanı mümkün işğalından sonra yarana biləcək problemə görə, ölkəyə idxal edilən mayeləşdirilmiş təbii qazın (LNG) bir hissəsinin Avropaya göndərildiyini açıqlayıb.
Mövzu ilə bağlı mətbuata açıqlama verən Hagiuda özəl Yapon şirkətləri tərəfindən Avropaya yönəldilən çox sayda daşınmanın bu ay köhnə qitəyə çatacağını bildirib.
Yaponiyalı nazir Avropaya göndərilən qazın miqdarı və gəmilərin sayı barədə məlumat verməyib.
Avropanın ehtiyaclarını qarşılamaq üçün ABŞ və Aİ səfirlərindən tələblər aldıqlarını qeyd edən Hagiuda daxili bazarın ehtiyacları təmin edildikdən sonra maye qaz daşıyan daha çox gəminin Avropaya yönləndiriləcəyini deyib.
Hagiuda Yaponiyada yaşanan atom elektrik stansiyası qəzası və sunami fəlakətindən sonra, ilk olaraq ABŞ və Aİ ölkələrinin onlara enerji ehtiyaclarını ödəmək üçün qaz göndərərək "yardım əli uzatdıqlarını unutmadıqlarını" söyləyib.
"Biz ABŞ və Aİ-yə bu əməkdaşlığın Yaponiyanın daxili bazarda elektrik enerjisi və qaz təchizatına təsir etmədiyi müddətcə baş tutacağını bildirdik", - Haqiuda bildirib.
Yaponiya ötən il dünyada ən çox LNG idxal edən ölkələrdən biri olub.
Bu arada, ABŞ-ın Tokiodakı səfirliyindən verilən yazılı açıqlamada “Yaponiyanın ABŞ və avropalı tərəfdaşları ilə həmrəy olduğu” bildirilib.
Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın enerji problemini artıracaqmı?
Avropanın yaşayacağı mümkün enerji böhranını aradan qaldırmaq üçün ABŞ-ın son aylarda istehsal etdiyi və digər ölkələrə satmağa razılaşdığı LNG-nin Avropaya yönəldilməsi üçün böyük səylər göstərdiyi məlumdur.
Yaponiyadan gələcək əlavə qazın Rusiyadan çox asılı olan Avropanın tələbatını ödəyəcəyi gözlənilmir.
Moskvanın Rusiyanın Ukraynaya mümkün müdaxiləsindən sonra Qərbdən gələn sanksiyalara Avropaya gedən təbii qaz kəmərinin klapanlarını bağlayaraq cavab verəcəyi gözlənilir.
Ekspertlərin fikrincə, Rusiya böhran zamanı Avropaya bütün qaz ixracını kəsə bilməz. Yenə eyni ekspertlər Moskvanın yalnız Ukrayna üzərindən Almaniyaya gedən təbii qaz kəmərini bağlayacağını düşünür.