17 Fevral 2022
Mətni dəyiş
Rusiya Federasiyası Qərb Hərbi Dairəsinin tank ordusunun bölmələri və maddi-texniki təchizat briqadaları təlimlər başa çatdıqdan sonra daimi dislokasiya məntəqələrinə yollanıblar. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum çoxlu sayda zirehli texnikanın olduğu qatarın yola düşməsini əks etdirən görüntülər yayıb. Yerdəyişmə gecə saatlarında baş verib.
Müdafiə Nazirliyinin açıqlamasında hərbçilərin hansı bölgədən qayıtdığı göstərilmir. Yalnız qeyd olunur ki, tank texnikası min kilometrə yaxın məsafədə daşınır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, öz növbəsində maddi-texniki təminat briqadasının hərbçiləri planlaşdırılmış təlimlər üçün poliqondan daimi dislokasiya məntəqəsinə qədər təxminən 900 kilometr məsafədə yürüş edib.
Qurum bir gün əvvəl Cənub Hərbi Dairəsinin qoşunlarının Krımda keçirilən təlimlərinin başa çatması barədə də məlumat vermişdi.
Bu arada, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Müdafiə Nazirliyinin ordunun təlimlərdən qayıtması ilə bağlı videosüjetinin dərc edilməsinə baxmayaraq, Rusiya nəinki Ukrayna ətrafındakı vəziyyəti deeskalasiya etmir, həm də qoşunları ölkə ilə sərhəddə cəmləşdirməyə davam edir. Dövlət Departamentinin hesablamalarına görə, Moskva artıq sərhədlərdə 150 000-dən çox hərbçi cəmləşdirib və son günlər mövcudluğunu 7 000 nəfər artırıb.
Payızdan Qərb ölkələri Rusiya qoşunlarının Ukrayna ilə sərhədlərdə cəmləşməsindən və Moskvanın qonşu dövlətə mümkün müdaxiləsindən danışır. Hücum üçün qeyri-rəsmi tarixlərdən biri fevralın 16-sı olub. Moskva qoşunlarının hərəkətini təlimlərlə izah edir və heç kimə hücum etmək fikrində olmadığını iddia edir. Ukrayna ilə bağlı gərginlik fonunda Kreml ABŞ və NATO ilə Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlayıb.