18 Fevral 2022
Mətni dəyiş
Fevralın 19-da Rusiya Müdafiə Nazirliyi ballistik və qanadlı raketlərin buraxılacağı strateji çəkindirmə qüvvələrinin təlimlərini keçirəcək.
RİA Novosti-nin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təlimlər “Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı V.V.Putinin rəhbərliyi altında” keçiriləcək. Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin planlı şəkildə keçirilməsi nəzərdə tutulub.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi açıqlamaya görə, Putin təlimlər zamanı Rusiya Müdafiə Nazirliyinin situasiya mərkəzində olacaq. Peskov deyib ki, Moskvaya səfərə gələn Aleksandr Lukaşenko da Rusiya Federasiyasının prezidenti ilə birgə təlimləri müşahidə edə bilər.
“Hətta bu cür təlimlərin başlanması dövlət başçısı olmadan mümkün deyil. Məşhur “qara çamadan”, “qırmızı düymə” və bu kimi şeylərdən xəbəriniz var”, - deyə “İnterfaks” Peskovdan sitat gətirir.
Ballistik və qanadlı raketlərin buraxılışı ilə təlimlər Rusiya Müdafiə Nazirliyinin bir neçə həftədir ki, ölkənin müxtəlif bölgələrində və demək olar ki, bütün hərbi dairələrin və donanmaların iştirakı ilə keçirdiyi irimiqyaslı manevrlərlə eyni vaxtda baş tutacaq. Rusiya-Belarus “Müttəfiq qətiyyəti - 2022” təlimləri də davam edir.
Rusiya tərəfi Ukrayna ilə sərhədlərə hərbçilərin və texnikanın yerləşdirilməsini təlimlərlə izah edir. Qərb bunu işğala hazırlıq əlaməti kimi qiymətləndirir. Rusiya Ukrayna ərazisində hərbi əməliyyat keçirmək planlarını rədd edir, həmçinin təlimlər başa çatdıqdan sonra qoşunlarını daimi dislokasiya yerlərinə qaytaracağını bildirir. ABŞ Dövlət Departamenti hesab edir ki, Rusiya, əksinə, sərhəd bölgələrində hərbi mövcudluğunu artırır.