Rusiya Avropa Şurasından çıxarılıb. Bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy məlumat verib. O, bildirib ki, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin bu təşkilata üzvlüyünü dayandıraraq Rusiya ilə əməkdaşlıqdan imtina edib. Deputat əlavə edib ki, Rusiya nümayəndə heyəti dürüst olub, dialoqu sona qədər davam etdirməyə çalışıb. Tolstoyun fikrincə, bundan sonra dialoqun bərpası Avropa Şurasından asılı olacaq. Polşanın Baş naziri Mateuş Moravetski də tvitter hesabında məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilatdakı üzvlüyünün dayandırılması proseduruna başlayıb.