Federal Hava Nəqliyyatı Agentliyi Britaniyanın Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı tətbiq etdiyi sanksiyalara cavab olaraq Böyük Britaniya təyyarələrinin Rusiyaya uçuşunu qadağan edib. Bu barədə qurumun məlumatında deyilir.
Qadağa Böyük Britaniya ilə əlaqəli və ya ölkədə qeydiyyatdan keçmiş şəxsə məxsus, icarəyə götürülmüş və ya istismar edilən təyyarələrin uçuşlarına şamil edilir. Söhbət, digər məsələlərlə yanaşı, Rusiyanın hava məkanından tranzit uçuşların qadağan edilməsindən gedir.
Məhdudiyyətlər fevralın 25-i Moskva vaxtı ilə saat 11:00-dan etibarən qüvvəyə minib.
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, bu tədbirlər "Böyük Britaniya aviasiya orqanlarının qeyri-dost qərarlarına" cavab olaraq həyata keçirilib. Söhbət Rusiya aviaşirkətləri, ilk növbədə, Aeroflotun Böyük Britaniyaya uçuşlarına qadağadan gedir.