Son günlər dünyada ən çox danışılan məsələlərdən biri də Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makronun görüşündəki uzun masadır.
Bəzi şərhçilər Putinin xəstəliklə bağlı çox həssas olduğunu və bunun koronavirusla (Covid-19) bağlı təhlükəsizlik tədbiri olduğunu düşünsə də, bəziləri isə məsələyə fərqli siyasi rəng qatırlar. Hələlik ən çox müdafiə olunan arqumentlərdən biri odur ki, prezident Putin Qərblə məsafəli davrandığını bu formada göstərib. “Reuters” Agentliyi də məsələ ilə bağlı maraqlı detallar yazıb. Agentliyin öz mənbələrinə istinadən yazdığı xəbərdə deyilir ki, masanın böyük olmasına səbəb Fransa prezidentinin Rusiyada koronavirus üçün PCR testindən keçməkdən imtina etməsi olub. Makrona yaxın mənbə bildirib ki, Fransa prezidenti seçim qarşısında qalıb: ya o, Rusiyada PCR testi verməklə razılaşır və Putinə yaxınlaşmağa icazə verilir, ya da imtina etməklə sosial məsafəni saxlayır. “Başa düşürdük ki, testdən imtina bu təhlükəsizlik tədbirlərinə səbəb olacaq. Amma biz prezident Makronun DNT-sinin Rusların əlinə keçməsinə icazə verə bilməzdik”, - deyə mənbə əlavə edib. Bildirilib ki, Makron özü bütün lazımi, tibbi prosedurları keçdikdən sonra Rusiyaya səfər edib.