Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb.
Bu barədə onun vəkili Elnur Vəliyev məlumat verib. O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini müalicə müəssisəsində davam etdirir. Vəkil əlavə edib ki, Səmədov kassasiya şikayəti də verib. O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.