22 Fevral 2022
Mətni dəyiş
Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev korrupsiyaya qarşı mübarizə dövlət agentliyinin katibi Marat Əhmədcanovu qəbul edib.
Akorda xəbər verir ki, Marat Əhmədcanov agentliyin 2021-ci ildə gördüyü işlər barədə hesabat verib və 2022-2026-cı illər üçün nəzərdə tutulmuş antikorrupsiya planının reallaşdırılması planlarından danışıb.
Əhmətcanovun sözlərinə görə, əsassız varlanmaya görə məsuliyyət və korrupsiya hallarını ifşa edənləri qoruma proqramını nəzərdə tutan, bununla da dövlət qulluqçularının gəlir və xərclərinə nəzarət etməyə imkan verəcək qanun layihəsinə hazırda parlamentdə baxılır.
Konsepsiyanın həyata keçirilməsi çərçivəsində hər bir dövlət qurumuna korrupsiyaya qarşı atılan addımlara tam riayət olunmasına nəzarət edəcək şəxslər təyin ediləcək.
Qazaxstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qasım Comərt Tokayev korrupsiya ilə mübarizədə təklif olunan yanaşmaları dəstəklədiyini bildirib və bu istiqamətdə agentliyin koordinasiyaedici rolunu artırmağı tapşırıb. Dövlət başçısı bu məsələni öz şəxsi nəzarətinə götürdüyünü söyləyib.
Görüşün nəticələrinə görə, Qasım Comərt Tokayev korrupsiyanın səbəblərinin aradan qaldırılması, korrupsiya sxemlərin aşkarlanması və korrupsionerlərin cəzalandırılması istiqamətində sistemli işin davam etdirilməsini tapşırıb.