Ukrayna rəsmi olaraq Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə aydınlıq gətirməsini tələb edib. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Vyana Sənədinin III bölməsində nəzərdə tutulan risklərin azaldılması mexanizmini rəsmən tətbiq edib. “Vyana Sənədinin müddəalarına əsasən, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, həmçinin ona cəlb olunan silah və hərbi texnikanın növləri, sayını bildirməlidir”, - nazir əlavə edib. Bundan əlavə,Rusiya Prezidenti Vladimir Putin bu gün amerikalı həmkarı Cozef Bayden və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparmağı planlaşdırır. Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Putinlə Bayden arasında söhbət fevralın 12-də Moskva vaxtı ilə axşam saatlarında planlaşdırılır. Söhbətin təşəbbüskarı Vaşinqtondur və sorğudan əvvəl Amerika tərəfinin yazılı müraciəti olub. Avropa İttifaqı da (Aİ) Ukraynadakı diplomatik missiyasının xüsusi mühüm proseslərdə iştirak etməyən əməkdaşlarına ölkəni tərk etməyə icazə verib. Bu barədə qurumdan məlumat verilib. Bununla bərabər, ABŞ Dövlət Departamenti də fevralın 12-də ölkənin Kiyevdəki səfirliyinin təxliyəsini elan etməyi planlaşdırır. Niderland, Finlandiya, Latviya və bir çox Avropa ölkələri öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıblar. Ehtimal olunur ki, Rusiya fevralın 15-də Ukraynaya hücum edəcək.