Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb. Eyni zamanda, hər iki qondarma dövlətlə əməkdaşlıq müqaviləsi də imzalanıb. Artıq o ərazilərin "təhlükəsizliyi" üçün Rusiya ordusuna tapışırıq da verilib.
Rusiyanın bu addımı ilkin beynəlxalq reaksiyalara da səbəb olub.
Əvvəlcə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, təşkilatın baş katibi Helqa Şmid, həmçinin ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt və Assambleyanın baş katibi Roberto Montella Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımaq qərarını pisləyiblər.
Daha sonra, BMT Baş katibi Antoniu Quttereş özünün tviterdəki hesabında yazıb ki, BMT beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Türkiyənin Xarici İşlər Nazirliyi də Rusiyanın bu addımını pisləyib: "Rusiya Federasiyasının qondarma Donetsk və Luqansk “respublika”larını tanıması haqqında verdiyi qərar, həm Minsk müqaviləsinin şərtlərinə ziddir, həm də Ukraynanın siyasi birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükədir", - deyə nazirliyin açıqlamasında qeyd olunub.
Bundan əlavə, Almaniya kansleri Olaf Şolts, ABŞ Prezidenti Cozef Bayden və Fransa Prezidenti Emmanuel Makron Ukraynanın ərazi bütövlüyünü qorumaq səylərini zəiflətməmək barədə razılığa gəliblər. Liderlər həmçinin vurğulayıblar ki, Rusiyanın qondarma DXR və LXR-i tanıması cavabsız qalmayacaq.