22 Fevral 2022
Mətni dəyiş
˝Rusiya Donetsk və Luqansk Xalq Respublikalarını müstəqil dövlət kimi tanıyır˝. Bunu Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
“Çıxışımın mövzusu Ukraynada baş verən hadisələr və bunun bizim üçün, Rusiya üçün niyə bu qədər vacib olmasıdır”, - Rusiya Federasiyasının Prezidenti çıxışına bu sözlərlə başlayıb.
Müraciətin birinci hissəsində Putin müstəqil Ukraynanın yaranması ilə nəticələnən SSRİ-nin dağılmasından ətraflı danışıb, müasir Ukraynada korrupsiya və yüksək kommunal ödənişlərdən bəhs edib, Ukraynada aqressiv aksiyaların xarici kəşfiyyat xidmətlərinin dəstəyi ilə həyata keçirildiyini bildirib və əlavə edib ki, Ukrayna hakimiyyəti nüvə silahı yarada bilər. “NATO bazaları faktiki olaraq ölkə ərazisində yerləşdirilib”, Putin deyib.
Putin bildirib ki, Ukraynanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir.
˝Donbassda "çevrilişi dəstəkləməyən" və "mağara millətçiliyinə" qarşı çıxan "demək olar ki, dörd milyon insan soyqırıma məruz qalır", Putin deyib.
˝Federasiya Şurasından xahiş edirəm ki, Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyinin tanınması və dostluq və qarşılıqlı yardım haqqında sazişin bağlanması barədə qərarı dəstəkləsin˝.
“Əminəm ki, Rusiya xalqı məni dəstəkləyəcək”, - Putin müraciətinin sonunda deyib.
Bundan dərhal sonra “Rossiya 24” telekanalı Kremldə LXR və DXR ilə müqavilələrin imzalanmasının görüntülərini yayımlayıb.
Putin ruslara müraciət etməzdən bir müddət əvvəl Almaniya və Fransa liderlərinə DXR və LXR-ni tanımaq niyyəti barədə məlumat verib. Kremlin mətbuat xidmətinin məlumatına görə, onlar bu qərardan "məyus olduqlarını bildiriblər", lakin "təmasları davam etdirməyə hazır olduqlarını əlavə ediblər".
Fevralın 21-də günortadan sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclası keçirilib, iclasda şuranın sədr müavini Dmitri Medvedev Donbass respublikalarının müstəqilliyinin tanınmasını təklif edib. Bu təklif iclasda iştirak edənlərin hamısı tərəfindən dəstəklənib.
Bundan əvvəl Putin dəfələrlə Donbassdakı böhranın həlli çərçivəsində Minsk razılaşmalarına riayət olunmasının tərəfdarı olduğunu bildirib. Bu müqavilələrdə DXR və LXR-nin Ukraynanın tərkib hissəsi olduğu bildirilir.