21 Fevral 2022
Mətni dəyiş
Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin Rusiyanın Ukraynanı işğal edəcəyi tarixlərə fikir vermədiyini bildirib.
“Rossiya-1” televiziyasında çıxış edən Peskov “Rusiya tarixi boyu heç kimə hücum etməyib” deyib və Rusiyanın bu qədər müharibə yaşamış bir ölkə olaraq “müharibə” sözünü belə tələffüz etmək istəmədiyini bildirib.
˝Putin iddialara qulaq asmır˝
“Qoy özlərinə bu sualı versinlər: Rusiyanın kiməsə hücum etməsi nə deməkdir? Biz onları tarixi xatırlamağa çağırırıq”, - deyə hər kəsi sağlam düşüncəyə dəvət etdiklərini bildirən Peskov əlavə edib.
“Prezident iddialara qulaq asmır, lakin ümumilikdə bu cür iddialar təxribatçı elementlərdir”, - deyən Peskov bu cür fikirlərin gərginliyi daha da artırdığını qeyd edib. "Gərginlik yüksək səviyyəyə çatdıqda, məsələn, hazırda Donbassda təmas xəttində olduğu kimi, hər hansı bir qığılcım, hər hansı gözlənilməz hadisə və ya kiçik planlaşdırılmış təxribat geri dönməz nəticələrə gətirib çıxara bilər", - Peskov bildirib.
Qərb mediasında Rusiya ilə bağlı isterikanın Putinin bu ölkələrin liderləri ilə görüşlərinin mahiyyətinə zidd olduğunu əlavə edən Peskov deyib ki, “Bəli, danışıqlarda “Bizdə olan məlumatlara görə aqressiv planlar var” sualları var. Amma çox, çox diplomatik şəkildə. Dövlət başçısı bütün bu suallara ən konstruktiv şəkildə cavab verir”.
˝Qərb Ukraynanın Donbassda gücdən istifadə etməyini istəyir˝
NATO, ABŞ və İngiltərənin Ukraynaya silah-sursat göndərdiyini, diplomatik və siyasi çərçivə formalaşdırdıqlarını, Rusiyaya qarşı davamlı sanksiya təhdidlərinin olduğunu bildirən Peskov deyib: “Bütün bunlar Ukraynanı Donbass problemini hərb yolu ilə həll etməyə təşviq etmirmi? Bu, nəzəriyyələrdən biridir. Ancaq hər gün və ya gündə bir neçə dəfə edilən absurd iddiaları necə izah edəcəyimi bilmirəm˝.