16 Fevral 2022
Mətni dəyiş
Kreml qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınmasının Minsk razılaşmalarının pozulması olacağı ilə razılaşır.
“Əlbəttə, tanınma Minsk razılaşmalarına uyğun gəlmir. Bu, həqiqətən belədir", deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.
O xatırladıb ki, Vladimir Putin üçün Donbassdakı vəziyyətin nizamlanmasında əsas vəzifə “Minsk Tədbirlər Paketinin həyata keçirilməsidir”.
Buna baxmayaraq, o, Kiyevin DXR və LXR sakinlərinə Rusiya pasportlarının verilməsinin razılaşmaları pozması ilə bağlı iradlarını rədd edib. “Bu təcrübə Minsk razılaşmalarının pozulması deyil, bu qısa və son dərəcə konkret mətni sadəcə olaraq heç olmasa bir dəfə oxumaq kifayətdir. Ona görə də bu qınaqlar qəbuledilməzdir”, - Peskov bildirib.
Kreml sözçüsünün sözlərinə görə, Rusiya Donbass sakinlərinə pasportları “humanitar səbəblərə görə” – “vətənləri tərəfindən rədd edildikləri üçün” verir.
Fevralın 15-də Rusiya Federasiyasının Dövlət Duması Vladimir Putinə Ukraynanın şərqində qondarma respublikaların müstəqilliyinin tanınmasını təklif edən qətnamə qəbul edib. Peskovun sözlərinə görə, prezident deputatların müraciətini qəbul edib, “ona reaksiya verib və qeyd edib”.