4 Fevral 2022
Mətni dəyiş
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın hücum üçün bəhanə tapmağa çalışdığına dair sübut əldə etdiklərini iddia edib. Qurumdan bildirilib ki, bu məqsədlə Ukraynanın Rusiyaya hücumu ilə bağlı saxta video hazırlanıb. Bununla Rusiya öz işğalına haqq qazandırmağı hədəfləyib.
Mətbuata açıqlama verən Pentaqonun sözçüsü Con Kirbi Rusiya hökumətinin Ukrayna ordusu və ya kəşfiyyatı tərəfindən Rusiyanın suveren ərazilərinə və ya rusdilli xalqlara qarşı hücum təşkil etməyə hazırlaşdıqlarına inandıqlarını bildirib.
"Bu saxta hücumun bir hissəsi olaraq biz inanırıq ki, Rusiya cəsədlərin, yerlə-yeksan edilmiş yaşayış məntəqələrinin və yas tutan aktyorların göstərildiyi çox effektiv təbliğat videosu hazırlayıb", - Kirbi bildirib.
Planın bir hissəsinin Qərbin verdiyi Ukrayna hərbi texnikasının istifadə edildiyini iddia etmək olduğuna diqqət çəkən Kirbi Rusiyanın keçmişdə də belə üsullara əl atdığını xatırladıb.
Sübut təqdim edilməyib
Mövzuya münasibət bildirən Dövlət Departamentinin sözçüsü Ned Prays da bu filmin Rusiya hökumətinin Ukraynaya qarşı hərbi hücum təşkil etmək və əsaslandırmaq üçün hazırladığı variantlardan biri olduğunu bildirib.
"Rusiya gərginliyi azaltmaq üçün diplomatik danışıqları davam etdirməyə hazır olduğunu bildirir, lakin bu cür addımlar bunun əksini göstərir", deyən Prays Rusiyanın bu mərhələdə planı qüvvəyə mindirməyə qərar verib-vermədiyini bilmədiklərini sözlərinə əlavə edib.
Lakin nə Kirbi, nə də Prays filmə dair sübut təqdim etməyib və sadəcə dəlillərin Amerika kəşfiyyatı tərəfindən əldə edildiyini bəyan ediblər.
Kirbi ABŞ-ın Ukraynaya qoşun göndərib-göndərmədiyi ilə bağlı suala belə cavab verib: "Birincisi, biz Ukraynaya təhlükəsizlik yardımı göndəririk ki, onlar özlərini daha yaxşı müdafiə edə bilsinlər. İkincisi, bu, çox vacibdir, ciddi təhlükəsizlik öhdəliyimiz olan müttəfiqlərimizi bu mənada əmin edirik”.
Moskva 100 min əsgər və ağır silahlarla Ukrayna sərhədinə hücum etməyə hazırlaşdığına dair iddiaları rədd edir.
“Yazılı cavabı sızdırmamışıq”
Digər tərəfdən ABŞ dövlət katibinin müşaviri Viktoriya Nuland ölkəsinin Rusiyaya verdiyi və ictimaiyyətlə paylaşmayacağını bildirdiyi yazılı cavabının İspaniyanın “El Pais” jurnalına sızdırılmasında Moskvanın əli olduğunu iddia edib. Rusiyanın Tass xəbər agentliyinə danışan müşavir bildirib ki, bu sənədi Moskvanın sızdırdıqlarına tam əmindir, çünki “sənəddəki izlər Rusiya Federasiyasına göndərilənlərlə eyni deyil”.
Rusiyanın Vaşinqtondakı səfirliyi isə bu iddiaları “heyrətedici” adlandırıb. Rusiya səfirliyinin bəyanatında deyilir: “Birləşmiş Ştatlar sui-qəsd nəzəriyyələrinin tərəfdarı olmaqdansa, Rusiyanın narahatlıqlarına diqqət yetirməlidir”.
Moskva Qərb ölkələrindən Ukraynanı NATO üzvü kimi qəbul etməməyi tələb edir. “El Pais”-ə sızan məlumata görə, ABŞ-ın Rusiyanın təhlükəsizlik tələblərinə verdiyi yazılı cavabda ABŞ-ın hərbi gərginliyi azaltmaq üçün tərksilah tədbirləri təklif etdiyi bildirilir.
Pentaqonun sözçüsü Kirbi sızan məlumatlarla bağlı sualı cavablandırarkən, bu məxfi sənədləri ABŞ-ın Ukrayna böhranının həlli üçün danışıqlara hazır olduğunun göstəricisi kimi qiymətləndirib.