Prezident Əliyev tərəfindən media haqqında yeni qanun təsdiq edildikdən sonra Azərbaycanda jurnalist və ya sosial media fəalı olmaq daha da çətinləşəcək. Bu barədə Norveç Helsinki Komitəsinin bəyanatında deyilir.
Yeni qanun onsuz da ciddi nəzarət olunan ölkə KİV-nə bir çox yeni genişmiqyaslı məhdudiyyətlər gətirəcək.
Qanun yerli və beynəlxalq tənqidlərə məruz qalıb, ölkə jurnalistləri prezident Əliyevi insan hüquqlarını daha da pozan və müstəqil jurnalistikanı məhdudlaşdıran sənədi ləğv etməyə çağırıb.
Avropa Şurasının insan hüquqları üzrə komissarı prezident Əliyevi qanunu üzərində işlənməsi və söz və media azadlığı sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması üçün parlamentə qaytarmağa çağırmışdı.
Norveç Helsinki Komitəsi qeyd edir ki, Azərbaycanda müstəqil və tənqidçi KİV-lər tez-tez senzuraya və zorla bağlanmağa, jurnalistlər və sosial şəbəkə istifadəçiləri sistemli təqiblərə və həbslərə məruz qalırlar.
Qanunun bir çox müddəaları hökumətin hadisələrin işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdırmasına imkan verəcək və hökumətin tənqid edilməsinin qarşısını almaq üçün istifadə olunacaq.
Jurnalistlərin Vahid Reyestrinə yalnız məhkumluğu olmayan jurnalistlər daxil ediləcək. Jurnalistlərin uzun illərdir saxta ittihamlarla daim həbs edildiyini nəzərə almaqla, bu şərt bir çox jurnalisti işləmək hüququndan məhrum edir və senzuranı leqallaşdırır.
Bundan başqa, hakimiyyət artıq bu və ya digər KİV-i bağlamaq üçün məhkəmə qərarına ehtiyac duymayacaq.
"Azərbaycanın beynəlxalq tərəfdaşları media və tənqidi səsləri susdurmaqla avtokratiyanın qurulduğu bir ölkədə bu yeni məhdudiyyətlərin nə qədər zərərli olacağını dilə gətirməlidir", deyə bəyanatda qeyd edilir.