Niderland hökuməti etirazalara səbəb olan koronavirus (Covid-19) məhdudiyyətlərinin mərhələli şəkildə qaldırılmasına qərar verib.
Bu barədə Niderland Krallığının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, artıq koronavirusla bağlı çətin günlər geridə qalıb və məhdudiyyətlərin mərhələli şəkildə qaldırılmasına başlanıla bilər.
Nazirlik qeyd edib ki, ölkədə xeyli adamın virusa yoluxması və yeni yoluxanların az olması göstərir ki, yeni növ mutasiya o qədər də ciddi təhlükə yaratmır. Nəzərə alsaq ki, əhalinin böyük hissəsi peyvəndlənib, rahatlıqla məhdudiyyətləri qaldıra bilərik.
Hələlik ilk yumşalmalar da açıqlanıb. Belə ki, artıq evlərə gələn qonaqlar istənilən qədər orada qala biləcəklər, gecə klubları və restoranlar 01:00-a kimi işləyə biləcəklər. Bununla bərabər, karantin müddəti də 5 günə düşürülüb.
Qeyd olunub ki, peyvənd məlumatları, analiz nəticələri və xəstəliyin daha əvvəl keçib-keçilməməsi ilə bağlı məlumatları özündə əks etdirən QR kod tətbiqi fevralın 25-nə kimi işləyəcək, 25-dən etibarən dayandırılacaq.