9 Fevral 2022
Mətni dəyiş
Rusiyanın həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnı gələn həftə saxlandığı cəzaçəkmə müəssisəsində yeni məhkəmə prosesi ilə üzləşəcək. Bu, onun həbs cəzasına 10 il əlavə olunmasına gətirib çıxara bilər.
Navalnının mətbuat katibi Kira Yarmış fevralın 8-də Twitter səhifəsində yazıb ki, Moskvanın Lefortovo rayon məhkəməsinin hakimləri Kremlin tənqidçisini onun hazırda fəaliyyəti dayandırılmış və qadağan edilmiş Korrupsiyaya Qarşı Mübarizə Fondunda mənimsəmə və Moskva məhkəməsinə hörmətsizliklə bağlı ittihamlar əsasında mühakimə etmək üçün Moskvadan təxminən 200 kilometr şərqdə, Vladimir bölgəsində yerləşən 2 saylı İslah Koloniyasına gedəcək.
Bundan əvvəl məhkəmənin fevralın 15-də keçiriləcəyi bildirilmişdi.
Navalnının vəkili Olqa Mixaylova müvəkkilinin cəzaçəkmə müəssisəsində mühakimə olunması qərarının onun məhkəmədə özünü müdafiə etmək hüququna "ciddi təsir edəcəyini" bildirib.
"Həbsxana qadağan olunmuş ərazidir və onun ərazisinə telefon, kompüter və digər cihazların gətirilməsi qəti qadağandır. Ona görə də məhkəmənin necə aparılcağını anlamıram" - deyə, Mixaylova bildirib.
Navalnı təşkilatlarına verilən 4,7 milyon dollardan çox ianələrin şəxsi ehtiyacları üçün mənimsənilməsində ittiham olunur. İttihamlar maksimum 10 il həbs cəzasını nəzərdə tutur.
O həmçinin keçən il dinləmələrdən birində məhkəməyə hörmətsizlik ittihamı ilə altı aya qədər həbs cəzası ilə qarşılaşa bilər.
Navalnı ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.
Kremlin tənqidçisi kimyəvi maddə ilə zəhərləndikdən sonra keçən ilin yanvar ayında Almaniyada müalicə olunub Moskvaya qayıtdığı zaman həbs edilib.
Bir neçə həftə ərzində o, əvvəlki şərti azadlığın şərtlərini pozduğuna görə 2 il yarım həbs cəzasına məhkum edilib. Ona qarşı irəli sürülən ittihamlar çoxları tərəfindən qondarma, siyasi motivli iş kimi qiymətləndirilir.
Navalnı Putini Noviçok tipli kimyəvi maddə ilə zəhərləməkdə günahlandırıb. Kreml Qərbin geniş qınağına və sanksiyalarına səbəb olan zəhərlənmədə hər hansı rolunu rədd edir.