3 Fevral 2022
Mətni dəyiş
ABŞ prezidenti Co Baydenin Avropada əlavə kontingent yerləşdirmək qərarı fonunda Qərblə Moskva arasında dialoqun kəskinləşməsi təhlükəsi yaranıb.
Söhbət 3 min əsgərdən gedir – onlardan 2 mini Polşa və Almaniyaya, daha min nəfəri Rumıniyaya köçürüləcək. Vaşinqton qeyd edir ki, söhbət Rusiyanı cilovlamaq cəhdlərindən gedir. Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında deyib: “Bu hərbçilər Ukraynaya getməyəcək və Ukrayna uğrunda döyüşməyəcəklər. Xeyr, ABŞ beşinci maddənin tələbinə uyğun olaraq tərəfdaşları dəstəkləmək və onları sakitləşdirmək öhdəliyini yerinə yetirir”.
Rusiya Xarici İşlər Nazirliyi bu qərarı kəskin tənqid edib. "Əsassız, destruktiv addımlar hərbi gərginliyi artırır, siyasi qərarlar üçün meydanı daraldır", - xarici işlər nazirinin müavini Aleksandr Qruşko Ağ Evin niyyətlərini şərh edib.
Rusiya ABŞ və NATO-nun regiondakı siyasətini təxribat xarakterli adlandıraraq, Ukrayna ilə bağlı militarist planları rədd edir. Moskva Qərbi Rusiya sərhədlərinə mümkün qədər yaxınlaşmaq üçün Ukrayna kartı ilə oynamaqda ittiham edir.
Eyni zamanda, hər iki tərəf böhrandan diplomatiya yolu ilə çıxmaq və müxtəlif səviyyələrdə danışıqları davam etdirmək istəklərini təsdiqləyir. Bir gün əvvəl prezident Putin Britaniyanın baş naziri Boris Consonla telefonla danışıb, daha əvvəl isə Fransa lideri ilə fikir mübadiləsi aparıb.
Prezident Emmanuel Makron hesab edir ki, intensiv məsləhətləşmələr böhranda iştirak edənlərin hamısına ümumi dil tapmağa kömək edə bilər. “Əlbəttə, mən bölgədəki vəziyyətdən çox narahatam, - deyə o etiraf edib: “Son günlər biz avropalı həmkarlarımızla fəal fikir mübadiləsi apardıq, prezident Putinlə danışdıq və yaxın saatlarda isə Prezident Bayden ilə görüş planlaşdırılır. Biz hamımız ortaq məxrəcə gəlməyə çalışırıq”.
Bu arada Rusiya Belarusda - Polşa və Ukrayna sərhədləri yaxınlığında irimiqyaslı təlimlər keçirir. Qərbdə bu, əlavə narahatlıq amili kimi qiymətləndirilir, lakin Rusiya Müdafiə Nazirliyi əvvəlcədən bəyan etmişdi ki, manevrlərin sonunda kontingent Belarus ərazisini tərk edəcək.