"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqelərini atəşə tutub"
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, Azərbaycan mövqelərinə hansı səbəbdən atəş açılması aydın deyil. Hadisə fevralın 23-ü saat 10:05-də baş verib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb", - Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Bu məlumat gün ərzində atəşkəsin pozulması ilə bağlı ikinci məlumatdır. Bundan əvvəl nazirlik məlumat yayaraq atəşkəsin pozulduğunu qeyd etmişdi. "Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub", - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunmuşdu.