9 Fevral 2022
Mətni dəyiş
“Memorial” İnsan Hüquqları Mərkəzi təşkilatın 2009-cu ildən bəri yenilədiyi siyasi məhbus siyahısına 2022-ci ilin yanvarında 1000-ci şəxsin daxil edildiyini bildirib.
“Memorial”ın siyahısında sonuncu siyasi məhbus fevralın 2-də Rusiyada qadağan olunmuş dini birliyin fəaliyyətini təşkil etməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilmiş 64 yaşlı “Yehova Şahidləri”ndən Anatoli Qorbunov olub.
“Bu, ilk növbədə, simvolik bir mərhələdir, çünki siyasi məhbusların faktiki sayı 2009-cu ildən bəri tərtib etdiyimiz siyahıdakı saydan xeyli çoxdur”, - Siyasi Məhbuslara Dəstək proqramının rəhbəri Sergey Davidis bildirib.
“Memorial” 2009-cu ildə “Siyasi Məhbuslara Dəstək” proqramına başlayıb. Müxtəlif vaxtlarda təşkilat Aleksey Navalnı, Mixail Xodorkovski, Nadejda Tolokonnikova, eləcə də onlarla səs-küylü cinayət işi üzrə müttəhimləri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbusların çəkdiyi maksimum həbs müddəti ömürlük, minimumu isə dörd aydır.
2021-ci il dekabrın 28-də Rusiya Ali Məhkəməsi “Memorial İnternational”ın ləğvi barədə qərar çıxarıb. Dekabrın 29-da isə Moskva Şəhər Məhkəməsi “Memorial” hüquq-müdafiə mərkəzinə qarşı analoji qərar verib. Ləğvetmənin təşəbbüskarı təşkilatların “xarici agentlər haqqında” qanunu pozduğunu iddia edən prokurorluq olub. AİHM çıxarılan qərarların icrasının dayandırılmasını tələb edib.