17 Fevral 2022
Mətni dəyiş
London polisi bildirib ki, Şahzadə Çarlzın xeyriyyə dərnəyi olan ˝Şahzadə Vəqfi˝ (Prince's Foundation) Səudiyyə Ərəbistanı vətəndaşına Böyük Britaniyada imtiyazlı mövqe qazanmağa imkan verəcək şəkildə yardım etməsi haqda məlumat alıblar.
Sentyabr ayında edilən şikayət nəticəsində polis dərnəyə qarşı istintaq başlatmağa qərar verib.
Araşdırma 1925-ci il İmtiyazlar Aktındakı sui-istifadənin qarşısının alınması müddəalarına əsasən başladılıb. İndiyədək heç kim sorğu-sual edilməyib, hər hansı həbs baş tutmayıb.
˝Şahzadə Vəqfi˝ndən verilən açıqlamada "istintaq davam edərkən münasibət bildirməyin məqsədəuyğun olmadığı" bildirilib. Assosiasiyanın London polisi ilə "tam əməkdaşlıq etdiyi" və istintaqa kömək etdiyi bildirilir.
Vəliəhd şahzadə Çarlz və həyat yoldaşı Kamillanın yaşadığı ˝Clarence House˝-dan verilən açıqlamada Çarlzın “Birliyə ianə müqabilində Britaniya vətəndaşlığı və ya ölkədə hər hansı imtiyaz təklif etməkdən xəbəri olmadığı” bildirilib.
Şahzadə Çarlz dərnəyin prezidentidir, lakin birliyi idarə edən və gündəlik əməliyyatları nəzarətdə saxlayan başqa direktorlar var.
Polisin açıqlamasına görə, ötən il müxtəlif KİV-lər Şahzadə Çarlzın keçmiş işçisi Maykl Favsettin Səudiyyə Ərəbistanı vətəndaşına ianə müqabilində bəzi imtiyazlar üçün kömək etdiyi barədə məlumat yayıb.
Antimonarxist "Respublika" qrupu bu xəbərdən sonra sentyabr ayında polisə məktub yazaraq rəsmi olaraq Şahzadə və Favsett barəsində şikayət edib.
Qrupun rəhbəri Qraham Smit istintaqın qorxusuzcasına, qərəzsiz və lazım olan qədər təfərrüatla aparılacağına ümid etdiyini deyib.
İddiaların ötən il ortaya atılmasından sonra Favsett ˝Şahzadə Vəqfi˝nin baş direktoru vəzifəsindən istefa verib və dərnəklə əməkdaşlığını birdəfəlik bitirib.
London polisi sentyabr ayında aldıqları məktubu araşdırdığını, dərnəklə əlaqə saxlayaraq ianə toplama fəaliyyəti ilə bağlı bəzi sənədləri aldığını, əldə edilən məlumatlarla birlikdə bu sənədlərin yenidən araşdırıldığını və nəticədə istintaqın başlanmasına qərar verildiyini açıqlayıb.
O zamankı xəbərlərə görə, Səudiyyə vətəndaşı Məhfuz Marei Mübarək bin Məhfuz şahzadə Çarlzın restavrasiya layihələrinə nağd pul ianə edib. Hazırda Məhfuza qarşı heç bir qanun pozuntusu ittihamı irəli sürülməyib, o, iddiaları rədd edir.