ABŞ Ermənistana və Azərbaycana münaqişənin sülh yolu ilə həllinin axtarışında kömək etməyə çalışır, buna görə bu və digər tərəfə silah satmır. Bu barədə fevralın 16-da keçirilən brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.
ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Bakıya və Yerevana Amerika silahları almaq çağırışının hələ də həyata keçirilməməsini necə izah etmək olar? Turan-ın bu sualına cavabda səfir deyib: "Əsas Ermənistana və Azərbaycana sülhə nail olmaqda kömək etməkdir. Bizim prinsipial mövqeyimiz nə bu, nə digər tərəfə ölümcül silahlar tədarük etməməkdən ibarətdir. Biz həmçinin ATƏT-in Minsk Qrupunun üzvü olaraq məsuliyyət daşıyırıq. Qeyd edim ki, Rusiya da Minsk Qrupunun üzvüdür, amma öz öhdəliklərinə tamamilə fərqli yanaşır və Ermənistana da, Azərbaycana da silah tədarük edir. Dinc nizamlanma üçün bunun məqbul yol olduğunu hesab etmirik", deyə səfir bildirib.
Eyni zamanda, o qeyd edib ki, ABŞ Azərbaycana təhlükəsizlik məsələlərinin həlli üçün vəsait və avadanlıq tədarük edir. Son illər bu tədarükün həcmi 100 milyon dolları keçib. Bu, silah deyil, sərhədlərin mühafizəsi, Xəzərin milli sektorunun monitorinqi üçün avadanlıq və vasitələr, qaçaqmalçılığın qarşısını almaq üçün rentgen skanerləridir. İlk növbədə, bu, böyük narkotrafik axınının müşahidə edildiyi ölkənin cənub sərhədlərinə aiddir.
"Azərbaycan cənub sərhədlərinin böyük hissəsi üzərində nəzarəti özünə qaytardıqdan sonra ABŞ bu sahədə etibarlı mühafizənin təmin edilməsi üçün avadanlıq tədarükündə böyük köməklik göstərib. Son iki ilin statistikası bu istiqamətdə müsadirə edilən narkotiklərin iki qat artdığını göstərir. Bu, həmin köməyin nə dərəcədə effektiv olduğunun göstəricisidir", deyə diplomat bildirib.
Digər bir istiqamət Xəzərdə təhlükəsizliyin təmin edilməsinə, mühüm neft-qaz infrastrukturunun və neft kəmərlərinin mühafizəsinə yardımdır. Bu məqsədlə Azərbaycana sahil radarları, amfibiya qayıqları və Xəzərin milli sektoruna tam nəzarət üçün avadanlıqlar təhvil verilib, deyə diplomat bildirib.