Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Rusiya-Ukrayna münasibətləri barədə proqnoz vermək onun tərəfindən çox məsuliyyətsizlik olardı.
Bu barədə dövlət başçısı fevralın 23-də Rusiyada olarkən TASS İnformasiya Agentliyinin suallarını cavablandırarkən deyib.
“Çünki mən həmişə faktlardan istifadə etməyin, baş verən vəziyyəti bizə aid olan sahədə dəyərləndirməyin, bu vəziyyətin Azərbaycan üçün maksimum əlverişli formalaşması üçün mümkün olan hər şeyi etməyin tərəfdarıyam. Düzünü desəm, Azərbaycanla Ermənistan arasında münasibətlər, bu münasibətlərin necə cərəyan edəcəyi barədə proqnoz vermək mənim üçün çətindir. Çünki bütün bunlar təzədir”.
“Bizim bəyanatlarımız və sülhün bərqərar olmasına hədəflənməyimiz hələ ki erməni rəhbərliyi tərəfindən ən azı açıq şəkildə qəbul edilmir. Buna görə də bu yaxınlarda baş verən hadisələr nəzərə alınmaqla dünyada vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir”, – prezident deyib – “Bu çətinlik təkcə mənə deyil, bilavasitə bu prosesə cəlb edilənlərə də çox çətindir. Çünki hər şeyi və bütün əsas ölkələrin hərəkətini qabaqcadan görmək çox çətindir”.
İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsi başlananda, hətta o potensialla – həm siyasi, həm hərbi, həm iqtisadi potensialla hər şeyi qabaqcadan nəzərə ala bilməyiblər:
“Müharibəni qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Çünki təsdiqlənmiş planlar çərçivəsində gedirdik və yolumuzdan çıxmırdıq, lakin bu axında müxtəlif dolambaclar vardı”.
Ölkə başçısı bildirib ki, söylədiklərini Rusiya ilə Ukrayna arasında vəziyyətə aid etmək olar:
“Hər şey o qədər təzədir ki, hələ aparıcı paytaxtlardan biz yalnız təbii ki, büsbütün zidd bəyanatlar görürük. Vəziyyətin necə cərəyan edəcəyini deməyə çətinlik çəkirəm. Rusiyaya qarşı da sanksiyalar nədən ibarət olacaq? Axı Qərb hələ də bunları elan etməyib. Yəni hansısa eyhamlar edilir. Mən eşitdim ki, sanksiya elan etmək istəmirlər, guya hesab edirlər ki, bu, onların elan olunmamasının qarşısının alınması amili ola bilər, elan isə onların nöqteyi-nəzərindən əl-qolu açacaq. Lakin bu, sizin kimi mənim də həm Rusiya televiziyasına, həm Türkiyə televiziyasına, həm də Britaniya televiziyasına baxaraq linqvistik bacarıqlarım imkan verdiyi qədər apardığım təhlildir”.
“Mən hansısa analogiyalar və analiz aparmaq üçün, vəziyyəti bilmək nöqteyi-nəzərindən sizdən çox məlumata malik deyiləm, çünki biz Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir. Nəyisə təxmin edə bilərəm, lakin əminəm ki, dediyim kimi, bilavasitə cəlb edilənlər hər şeyi proqnozlaşdıra bilməzlər”.
İlham Əliyev hesab edib ki, bunun üçün planları bilmək lazımdır:
“Bunun üçün Rusiya rəhbərliyinin planlarını, Ukrayna rəhbərliyinin planlarını, imkanlarını bilmək lazımdır. Biz Qərbin reaksiyasını o, praktik müstəviyə – bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə bilərik. Hələ ki bütün bunları proqnozlaşdırmaq çox çətindir, lakin birmənalıdır ki, bu, uzunmüddətli prosesin başlanğıcıdır. Birmənalıdır ki, Rusiyanın Prezidenti bu qərarı qəbul edəndə, yəqin düşünürəm ki, o da bu prosesin uzun olduğunu nəzərə alıb”.
İlham Əliyev hesab edir ki, Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır:
“Bu, mənim şəxsi fikrimdir və bu, Rusiyaya tətbiq edilmiş həmin sanksiyalarla təsdiq edilir”.
Azərbaycan Prezidenti hesab edir ki, həmin sanksiyalar Rusiya istehsalçılarına idxaldan asılılığı azaltmaqda kömək edib:
“Yəni mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Prezident Putin bu qərarı qəbul edəndə, yəqin ki, o, bunun hamısını hesablayıb. Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq. Çünki ixrac üçün, özü də yüksək texnologiya məhsulları üçün ikinci belə perspektivli bazar tapmaq çətindir. Mənim deyə biləcəyim maksimum bundan ibarətdir”.
“Bu mövzunu 30 il ərzində bizə hər zaman çağırış edilən məlum ifadələrlə bitirmək istəyirəm: “Bütün məsələləri sülh yolu ilə həll etmək lazımdır”. Biz bunu 30 il eşitdik, 30 il çalışdıq, lakin heç nə alınmadı. Buna görə də, əlbəttə, istərdik ki, hər şey sülh yolu ilə həll edilsin, lakin bu həyatda, təəssüf ki, heç də hər zaman, mümkün olmur”, – prezident vurğulayıb.