10 Fevral 2022
Mətni dəyiş
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “Qərb Moskvanı təhdid etməklə Ukrayna ilə bağlı gərginliyi azaltmağa nail ola bilməyəcək”.
Moskvada britaniyalı həmkarı Liz Trassla görüşdən əvvəl Lavrov “İdeoloji yanaşmalar, ultimatumlar, təhdidlər, “bu yol heç bir yerə aparmır” ifadəsini işlədib.
Digər tərəfdən, Trass bildirib ki, Britaniya Ukrayna sərhədində qoşunların toplanmasına və "Ukraynanın suverenliyinə xələl gətirmək cəhdlərinə" göz yuma bilməz.
Böhrandan çıxmaq üçün alternativ bir yol olduğunu deyən Trass əlavə edib ki, münaqişənin və qan tökülməsinin qarşısını alan diplomatik bir yol var. “Rusiyanın bu yola müraciət etməsi üçün buradayam”. Trass vurğulayıb.
“Yanaşma diplomatik deyil”
Avropa və Vaşinqtondakı diplomatların Rusiyaya qarşı getdikcə daha çox təhdid və ultimatum dilindən istifadə etdiyini qeyd edən Lavrov bu yanaşmanın diplomatik olmadığını söyləyib.
Böyük Britaniyanın xarici işlər nazirinin 2017-ci ildən bəri Rusiyaya ilk səfərini "misli görünməmiş" kimi xarakterizə edən Lavrov Britaniyanın Moskva ilə münasibətlərini yaxşılaşdırmaq istəməsi halında, "əlbəttə ki, bu, qarşılıqlı olacaq" deyib.
Bu arada Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və onun rusiyalı həmkarı Sergey Şoyqu cümə günü Moskvada görüşəcək.
Aİ-nin Rusiyaya “danışıqlara hazırıq” məktubu
Digər tərəfdən, Avropa İttifaqı (Aİ) Rusiyaya məktub göndərərək Avropada təhlükəsizlik və Ukrayna sərhədindəki vəziyyətlə bağlı artan gərginliklə barədə danışıqlar apara biləcəkləri mesajını verməyə hazırlaşır.
Bildirilib ki, qaralaması bəzi Qərb mediasına sızan 27 Aİ ölkəsinin birgə məktubunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel imzalayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun daha əvvəl ABŞ və bəzi Avropa ölkələrinə göndərdiyi məktuba cavab olan mətndə Moskvadan Ukrayna sərhədindən və Belarusdan qüvvələrini çıxarması istənilib.
Borrelin koordinasiyası ilə “Avropa ölkələrinin birliyini” vurğulamaq üçün hazırlanan Aİ ölkələrinin birgə məktubunda vəziyyətlə bağlı dərin narahatlığın davam etdiyi, gərginlik və fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə həll edilməli olduğu bildirilib.
“Biz Aİ olaraq NATO-dakı tərəfdaşlarımızla birlikdə hər kəsin təhlükəsizliyini necə gücləndirmək barədə Rusiya ilə dialoqu davam etdirməyə hazırıq”, - məktubda deyilir.
Lavrovun məktubu
Ötən həftə Rusiyanın xarici işlər naziri Lavrov ABŞ, Kanada və bəzi Avropa ölkələrinin də olduğu bir qrup ölkəyə məktub göndərərək ATƏT çərçivəsində təhlükəsizliklə bağlı öhdəliklər haqda cavab gözlədiklərini bildirib.
Lavrov məktubunda yazıb ki, "Qərb ölkələri özlərinə lazım olan elementləri seçirlər, yəni dövlətlərin azad şəkildə ittifaq seçmək hüququndan yalnız öz təhlükəsizlikləri üçün istifadə edir və öz inkişafına uyğun olaraq biabırçılıqla hərəkət edirlər. Təhlükəsizliyin bölünməzliyi prinsipi NATO-nun məsuliyyətsiz genişlənmə siyasətinə bəraət qazandırmaq üçün selektiv şəkildə istifadə olunur. İşlər belə getmir. Təhlükəsizliyin bölünməzliyi ilə bağlı razılaşmalar o deməkdir ki, təhlükəsizlik ya hamı üçün, ya da heç kim üçün deyil".
Qərblə Rusiya arasında gərginlik Rusiyanın Ukrayna sərhədinə 100 mindən çox hərbçi yerləşdirməsindən sonra Soyuq Müharibədən bəri ən yüksək həddə çatıb. Qərb ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşdığını iddia etsə də, Kreml bu iddianı rədd edir.