22 Fevral 2022
Mətni dəyiş
Avropa İttifaqı bu gün günortadan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Parisdə fövqəladə iclas çağırılıb, Aİ xarici işlər nazirləri məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyatın hansı sektorlarına təsir edəcəyinə qərar verəcəklər. Bir neçə yüz nəfərə də sanksiya tətbiq ediləcəyi bildirilir. "Biz cəld hərəkət etməliyik", Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.
“Rusiya qoşunları Donbasa daxil olub. Biz Donbası Ukraynanın bir hissəsi hesab edirik. Bunun tamhüquqlu işğal olduğunu demək çətindir, amma rus qoşunları Ukrayna torpaqlarındadır”.
Ötən gün özünü müstəqil elan etmiş Donetsk və Luqansk xalq respublikalarının tanınmasından sonra prezident Putin Rusiya Silahlı Qüvvələrini bu bölgələrdə “sülhün qorunması”nı təmin etməyi tapşırıb. Artıq orada canlı qüvvə və texnikanın hərəkəti müşahidə olunur.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian bütün Avropa adından deyib:
“Bu, beynəlxalq hüququn pozulmasıdır. Bu, Ukraynanın suverenliyinə qəsd və Rusiyanın beynəlxalq öhdəliklərini yerinə yetirməməsidir”.
Avropa İttifaqı Rusiyanın Ukraynaya tam şəkildə müdaxiləsi halında hərtərəfli sanksiyalar paketi hazırlayıb. Aİ ölkələrinin Brüsseldəki səfirləri hazırkı mərhələdə bu tədbirlərin yalnız bir hissəsini təsdiqləməyə hazırlaşır.
Der Spiegel, Reuters və DPA nəşrləri də Avropa Komissiyası Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıdığına görə Rusiyaya qarşı sanksiyalar paketi hazırlaması haqda məlumat verib.
DPA və Der Spiegel-in məlumatına görə, sanksiyalara xüsusən DXR və LXR-nin tanınmasına səs verən Dövlət Dumasının 350 deputatı və Donbassla əlaqəsi olan Rusiya bankları daxil ola bilər.
Bundan əlavə, DXR və LXR əraziləri Ukrayna ilə Aİ arasında azad ticarət sazişlərindən çıxarılacaq.
Aİ sanksiyaları assosiasiyanın ərazisindəki aktivlərinin dondurulmasını və Aİ-yə girişin qadağan edilməsini nəzərdə tutur.
Bloomberg-in yaydığı məlumata görə, Aİ-nin sanksiya siyahısına, xüsusən də VEB, Rossiya və Promsvyazbank bankları daxil ola bilər.