14 Fevral 2022
Mətni dəyiş
İsveçrədə xalq heyvan hüquqları müdafiəçilərinin lazımi dəstəyi toplamasından sonra heyvanlar üzərində təcrübələrin qadağan edilməsi üçün referenduma gedib. Ölkənin dövlət yayım şirkəti olan İsveçrə Radio və Televiziyasının (SRF) keçirdiyi exit-poll nəticələrinə görə, səs verənlərin 79 faizi referendumda “yox” deyərək heyvanlar üzərində sınaqların keçirilməsini dəstəkləyib.
Sputnik-in məlumatına görə, səs verənlərin 21 faizi sözügedən təcrübələrin qadağan edilməsinin lehinə səs verib. Referendumda səslərin çoxu poçt vasitəsilə göndərilib və yekun nəticələrin daha sonra açıqlanması gözlənilir.
Bəziləri heyvanlar üzərində təcrübələrin qadağan edilməsinin mühüm dərman və peyvəndlərin idxalının qarşısını alacağını, digərləri isə tədqiqatçıların heyvanlardan istifadə etmədən dərman və kimyəvi maddələri sınaqdan keçirmək üçün yeni üsullar hazırlaya biləcəyini iddia edir.
Əczaçılıq nəhəngləri Roche və Novartis bu ölkədə yeni dərmanlar hazırlamaq üçün heyvan testinin zəruri olduğunu bildirib.
İsveçrə hökumətinin statistikasına görə, 2020-ci ildə 550 mindən çox heyvan laboratoriya təcrübələrində ölüb. Təcrübələr çərçivəsində 400.000 siçan və siçovul, təxminən 4.600 it, 1.500 pişik, 1.600 at, bir çox primat, inək, donuz, balıq və quş tələf olub.