7 Fevral 2022
Mətni dəyiş
İsrail polisi də kiber-izləmə qurğularını istehsal edən “NSO Group” şirkətinin “Pegasus” casus proqramından istifadə edərək dövlət məmurlarını, iş adamlarını, jurnalist və fəalları hədəfə alıb.
Həmin şəxslər daimi izlənib və bütün bunlar hər hansı məhkəmə qərarı olmadan edilib.
İsraildə həftənin 5 günü, “Yedioth Ahronoth Group” tərəfindən nəşr olunan və ölkənin ən tirajlı qəzeti “Calcalist”in dərc etdiyi hesabatda belə deyilir.
Qəzet bildirir ki, İsrail polisi cəsus proqramından istifadə edərək keçmiş Baş nazir Benyamin Netanyahunun tərəfdaşlarının telefonlarını da izləyib.
Hesabata görə, haker aləti məhkəmə qərarı olmadan Netanyahunun oğlu Avner Netanyahuya, cinayətdə ittiham olunan İris Eloviçə, əlilliyi olan şəxslərin hüquqları üçün etiraz aksiyalarının liderlərinə, “Walla” xəbər saytının jurnalistlərinə, iş adamı Rami Leviyə, bələdiyyə sədrlərinə və Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxslərinə qarşı istifadə olunub.
İsrailin paytaxtı Təl-Əvivdə mənzillənən “Walla” xəbər saytı “The Jerusalem Post”-a məxsusdur. Ölkənin ən məşhur və reytinqli internet portallarından biridir.
“Pegasus”la izlənən keçmiş baş nazirin tərəfdaşlarına gəlincə, məlum olub ki, onun media müşavirləri Topaz Luk və Yonatan Urich, İşçilərin Həmkarlar İttifaqının rəhbəri Yair Katzla birlikdə hədəfə alınıb.
İsrail polisinin NSO-nun “Pegasus” casus proqramından istifadə edərək hədəfə aldığı şəxslər bunlardır:
Keren Turner – Nəqliyyat və Xəzinədarlıq nazirliklərinin keçmiş baş direktoru
Şai Babad – Maliyyə Nazirliyinin keçmiş baş direktoru
Emi Palmor – Ədliyyə Nazirliyinin keçmiş baş direktoru
Avi Berger – Rabitə Nazirliyinin keçmiş baş direktoru
Şlomo Filber – Rabitə Nazirliyinin keçmiş Baş direktoru
Rami Levi – iş adamı
Yair Katz – IAI işçilər həmkarlar ittifaqının rəhbəri
Aviram Elad – “Walla” saytının keçmiş redaktoru
İlan Yeshua – “Walla”-nın keçmiş baş direktoru
Stella Hendler – “Bezeq”in keçmiş direktoru (İsraildə telekommunikasiya şirkətidir)
David Mizrahi – Bezeq baş direktoru
Avner Netanyahu – keçmiş Baş nazir Benyamin Netanyahunun oğlu
İris Eloviç – Netanyahunun cinayət mühakiməsinin müttəhimi
Yoram Şimon – Mevaseret Sion Şurasının rəhbəri
Miriam Feirberg – Netanya (İsrailin paytaxtı Təl-Əvivin 30 km şimalında məşhur turizm şəhəridir) meri
Moti Sasson – Holon (İsrailin mərkəzində yerləşir və ölkənin ikinci böyük sənaye şəhəridir) meri
Yaakov Perets – Kiryat Ata (İsrailin Hayfa bölgəsində bir məhəllədir) meri
Daxili işlər naziri Ayelet Shaked açıqlanan bu hesabatı araşdırmaq üçün xarici komissiya yaratmağa çağırıb.
O, bu haqda özünün “Twitter” səhifəsində yazıb. Bildirib ki, əgər xəbərlər doğrudursa, bu, əsl zəlzələdir:
“Keçən əsrin qaranlıq rejimlərinə uyğun hərəkətdir. İnsanların şəxsi həyatına kütləvi müdaxilə bu gün dayandırılmalı olan qanunsuzluqdur”.
“Calcalist” qəzeti yanvarda da İsrail polisinin illərlə heç bir order və ya məhkəmə qərarı olmadan insanları cəsus proqramları vasitəsilə necə izləməsi barədə məqalələr dərc edib.
Ötən həftə İsrail polisi casus proqramdan sui-istifadə etdiyini etiraf edib. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, sui-istifadə keçmiş polis komissarı Roni Alsheichin dövründə baş verib.
„NSO Group“ şirkətinin müştərilərinin arasında Azərbaycan hökumətinin də adı var. 2021-ci il iyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dərc etdiyi araşdırmada bildirilirdi ki, Azərbaycan hökuməti də jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən „NSO Group“ şirkətinin casus proqramından istifadə edib. Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanırdı.
Açıqlanan siyahıdan sonra bir çox ölkədə cinayət işlərinə başlansa da, rəsmi Bakıdan xəbərlərlə bağlı heç bir şərh verilməyib.
Ötən ilin noyabrında “Apple” şirkəti İsrailin „NSO Group“ izləmə proqramları şirkətini məhkəməyə verib. Onu öz cihazlarının proqram təminatını, eləcə də federal və ştat qanunlarını “kobud” şəkildə pozmaqda ittiham edib.
Bu məhkəmə iddiası sayca ikincidir. “Facebook” şirkəti isə (hazırda adı “Meta” olaraq dəyişdirilib) 2019-cu ildə NSO-nu “WhatsApp “istifadəçilərini hədəfə aldığına görə məhkəmə verib.
“Pegasus” casus proqramı operatorlarına proqrama yoluxmuş mobil telefonlara uzaqdan daxil olmaq imkanı verir. Bütün dünyada kəşfiyyat və hüquq-mühafizə orqanlarına satılan casus proqram mesajlardan tutmuş fotoşəkillərə kimi cihazın məzmununa daxil olmaq üçün “Android” və “iPhone” əməliyyat sistemlərindəki təhlükəsizlik boşluqlarından istifadə edir. Proqram həmçinin zərərçəkənin xəbəri olmadan telefonun kamerasını və mikrofonunu uzaqdan aktivləşdirməyə imkan verir.