8 Fevral 2022
Mətni dəyiş
İsrail hökuməti mobil telefonlardan məlumat əldə etməyə imkan verən “Pegasus” proqramından sui-istifadə hallarını hərtərəfli araşdıracağını vəd edir.
Ötən həftə İsrail polisi “Pegasus”-dan bir çox siyasi fəalları və ictimai xadimləri, o cümlədən eyni vaxtda bir neçə korrupsiya adı hallanan keçmiş baş nazir Benyamin Netanyahunun ətrafını izləmək üçün istifadə etdiklərini etiraf edib:
"Bu, İsrail üçün qara gündür. Təbii ki, bir çox aspektləri olan şəxsi işimdən başqa, bu, bütün vətəndaşlara aiddir: həm sağ, həm də sol, istisnasız olaraq ölkənin bütün sakinlərinə", - Netanyahu bildirib.
Hazırkı baş nazir vurğulayıb ki, bu cür sistemlərdən istifadə yalnız terrorizm və ağır cinayətlər üzrə işlərin araşdırılması zamanı qəbul edilir.
Naftali Bennet, İsrailin Baş Naziri:
“Biz şəffaf, hərtərəfli və sürətli araşdırmanın aparılmasını nəzarətdə saxlayacağıq, çünki hamımız – İsrail vətəndaşları, nazirlər və bütün idarələr – cavablara layiqik”.
“Pegasus” casus proqramı İsrailin NSO Group şirkəti tərəfindən yaradılıb. İnsan haqları fəalları ötən il şirkətin sözügedən sistemi onlarla ölkədə hökumətlərə satdığını və həmin hökumətlərin bu proqramdan təkcə şübhəli cinayətkarları deyil, həm də jurnalistləri, müxalif siyasətçiləri, fəalları izləmək üçün istifadə etdiyini bildiriblər.