18 Fevral 2022
Mətni dəyiş
Covid-19 sonrası iqtisadi dirçəlişi dəstəkləmək üçün Avropa İttifaqının (Aİ) yaratdığı fonddan ilk faydalanan ölkələrdən biri olan İspaniya 'meqa layihələr' olaraq xarakterizə edilən investisiyalarını həyata keçirmək üçün kadr çatışmazlığı yaşamağa başlayıb.
2008-ci ildə İspaniyanın daşınmaz əmlak sənayesi çökəndə 1,8 milyona yaxın insan işsiz qalmış və ölkə yarımçıq tikinti sahəsinə və kran qalasına çevrilmişdi. İndi bu ölkənin yenidən o inşaat işçilərinə ehtiyacı var. Şirkətlər və həmkarlar ittifaqlarının hesabatlarına görə, təcili olaraq ən azı yarım milyon inşaat işçisi axtarılır.
Şirkətlər davamlı olaraq təlimlər keçirir, maaşları artırır və Afrika və Cənubi Amerikadan olan miqrant işçiləri hədəf alır.
Madriddə inşaat təhsili üçün axşam kursuna qatılan və Reuters-ə danışan Mustafa Diyediyu deyib ki, sertifikatın olması kifayətdir, şirkətlər sizi dərhal işə götürəcək.
32 yaşlı seneqallı ölkəyə 2019-cu ildə köhnə qayıqla gəlib. Pandemiya dövründə meyvə yığaraq dolanışığını təmin edən Diyediyu daha sonra kursa gedərək divar hörməyə başlayıb. İndi o, daha riskli olsa da, daha çox pul qazandıran inşaat biznesinə girmək istəyir.
Digər tərəfdən, İspaniyanın ən böyük tikinti assosiasiyası tərəfindən aparılan sorğuya görə, şirkətlərin 70 faizi kadr çatışmazlığı səbəbindən 2021-ci ildə iş təkliflərini geri çevirməli olub.
Bu, evlərin təmiri üçün Aİ-dən alınan vəsaitlə yazda keçiriləcək cəmi 5 milyard avroluq tenderdən əvvəl idi.
İtaliyadan sonra 140 milyard avro ilə Aİ-də ən yüksək yardımı alacaq İspaniya bu pulun yarısını qarşılıqsız dəstək, digər yarısını isə kredit kimi istifadə edəcək.
Bu fondun dəstəyi ilə hökumət bu il 7 faiz iqtisadi artım gözləyir. Lakin bürokratiya, təchizat və kadr çatışmazlığı səbəbindən investisiyalar gecikir.
Böhran qorxusu
2008-ci il böhranından əvvəl İspaniyada daşınmaz əmlak sektorunda təxminən 3 milyon insan çalışırdı. Böhrandan sonra onun əhəmiyyətli bir hissəsi turizm sektoruna keçdi və indi tikintiyə qayıtmaq istəmir.
Bu səbəbdən şirkətlər, həmkarlar ittifaqları və dövlət eyni zamanda tikinti sektorunda işləmək istəyənlər üçün pulsuz kurslar təşkil edir. 2021-ci ildə bu kurslara 90 min adam qatılacağı halda, bu il üçün hədəf 200 mindir.
Madriddə kursa yazılanların əksəriyyəti Aİ-yə daxil olmayan ölkələrdən gələn immiqrantlardır.
Tədris mərkəzinin direktoru Fransisko Dieqes vurğulayır ki, inşaat işçisinin illik gəliri 24 min avrodur. Bu da bəzi memarların aldığından da çoxdur. Ölkədə digər əl əməyi işlərində orta illik gəlir 18500 avro civarındadır.
Diyediyunun məşqçisi olan Xose Adel Sosua insanların hələ də 2008-ci ilin çöküşünü düşündüyü üçün yeni tələbələri cəlb etməyin çox çətin olduğunu bildirir. 15 tələbəsindən yalnız birinin ispan olduğu Sosua ispanların tikinti sektoruna qayıtmaqdan qorxduğunu vurğulayır.
Sektorda kran operatoru, dülgər, qaynaqçı və sahə müdiri kimi ixtisaslı vəzifələr üçün boşluq daha böyükdür.