İngiltərədə bu ayın sonuna kimi bütün koronavirus (Covid-19) məhdudiyyətləri ləğv ediləcək.
Bu barədə Baş nazir Boris Conson məlumat verib. Conson qeyd edib ki, bu, "virusla yaşamaq" planının bir parçasıdır. Bundan əvvəl ölkə ərazisində Covid-19 pasportu, evdən işləmək və maska tələbi aradan qaldırılmışdı. Bundan başqa, İngiltərəyə gələn şəxslər əgər koronavirus vaksininin 3 dozasını vurublarsa, onlardan test tələb edilməyəcək. Bundan əvvəl tam vaksinasiyadan keçənlər də ölkəyə girən zaman test verməli idilər. İngiltərədə virus başlayandan bu günə qədər ümumilikdə 17 milyon 932 min 308 nəfər virusa yoluxub ki, onlardan 158 min 677 nəfərinin həyatını xilas etmək mümkün olmayıb.