Fransada qadınların küçədə seksual xarakterli hərəkətlərə məruz qalmasının qarşısını almaq üçün yeni tətbiq istifadəyə veriləcək.
Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, "Təhlükəsiz məkanlar" adlı tətbiqin istifadəsi ilə bağlı ağıllı telefon tətbiqi "Umay" və pərakəndə şəbəkəsi "Monoprix" ilə razılaşma əldə olunub. Yeni tətbiqdən sonra qadınlar bu hallarla qarşılaşdıqları anda "Umay" proqramındakı həyəcan düyməsini vurub, həmin əraziyə ən yaxın olan sığına biləcəyi yeri öyrənəcək. Sığına biləcəyi yerlər dedikdə, ən yaxın polis məntəqəsi, "Monoprix" və "Monop" mağazaları da nəzərdə tutulur. Ancaq tətbiqin bir üstün cəhəti də ondan ibarətdir ki, polis siqnalı alan kimi hadisə yerinə yollanacaq. Fransada son anket sorğularında iştirak edən qadınların 81 faizi ictimai yerlərdə seksual hərəkətlərə və qısnamaya məruz qaldıqlarını bildiriblər.