Feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində "#üzristəyirəm" həşteqi ilə aksiya başlayıb.
Məlumata görə, aksiya Daxili İşlər Nazirliyinin saxlanılan şəxslərə üzr istədib videosunu yaymağına etiraz olaraq başlayıb.
Sonuncu belə hadisə fevralın 18-i baş verib. Belə ki, öz problemlərini eşitdirmək üçün TIR-larını Bakının Heydər Əliyev prospektində saxlayaraq ərazidən uzaqlaşan sürücülər həbs olunublar. Onlar Daxili İşlər Nazirliyində olduqları müddətdə üzr videoları yayılıb. Bu da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Azərbaycanda daxili işlər naziri Vilayət Eyvazov vəzifəyə təyin edildikdən sonra, saxlanılan şəxslərin üzr videolarının yayılması adət halını alıb.
Azərbaycan vətəndaş cəmiyyəti isə bu cür halların insan şəxsiyyətinin alçaltdığını deyir. Qanunvericiliyə görə, şəxsin öz istəyi olmadan polis ona aid foto və audio-video materialları yaya bilməz.