28 Fevral 2022
Mətni dəyiş
Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotin və Rafaelyan Vladimir Otarinə cəza istəyib.
Dövlət ittihamçısı İşxan Sarqsyanın 20 il, Vladimir Rafaelyanın isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin cəzaların çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından çıxarılmasını tələb edib.
Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.
Ittihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari ötən ilin mayın 27-də Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.