Ukrayna ətrafında 190 000-dək Rusiya hərbçisi toplanıb və Amerika kəşfiyyatının məlumatına görə, Putin yaxın günlərdə Ukraynaya təcavüz edəcək. Bu barədə cümə günü ABŞ prezidenti Co Bayden bildirib. Turan-ın Vaşinqton müxbiri məlumat verir.
"Əminəm ki, o, Ukraynaya hücum etmək barədə qərar qəbul edib",-Bayden Ağ Evdə çıxışı zamanı deyib. O qeyd edib ki, Putin Ukraynanın paytaxtı Kiyevi, "2,8 milyon günahsız əhalisi olan şəhəri" hədəfləyib.
Bayden son günlərdə şiddət və təxribatların artdığını qeyd edib. Belə ki, səhər tezdən Ukrayna Müdafiə Nazirliyi Donbass boyunca mərmi partlayışları səbəbindən atəşin artmasını əsas gətirərək bildirib ki, Rusiya təmas xəttində atəşkəs rejimini 61 dəfə pozub.
Prezidentin çıxışı Ukrayna ilə sərhəddə Moskvanın hərbi gücünü artırması ilə bağlı diplomatların həyəcan təbili çalmasından sonra səslənib. Buna baxmayaraq, Ağ Ev Kremlin təcavüzü barədə birbaşa bəyan etməyib.
"Son bir neçə gündə biz Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən atəşkəs rejiminin pozulması hallarının xeyli artdığının şahidi olduq. Onlar Ukraynanı Donbasda təxribat törətməyə təhrik etməyə cəhd edirlər”, - Bayden deyib.
"Məsələn, dünən Ukraynadakı uşaq bağçasının atəşə tutulması guya ukraynalıların özləri tərəfindən törədilib.
Rusiya dövlət KİV-i də “Donbassda rusların soyqırımı ilə bağlı yalan bəyanatlar səsləndirməyə davam edir. Bütün bunlar növbəti təcavüzə haqq qazandırmaq üçün edilir", - Bayden deyib.
"Biz Rusiyanın planlarını dəfələrlə və ucadan bəyan edirik, ona görə yox ki, münaqişə istəyirik, ona görə ki, Rusiyanın Ukraynaya hücumuna haqq qazandıra biləcəyi istənilən səbəbi aradan qaldırmaq və onun bunu etməsinə əngəl olmaq üçün əlimizdən gələn hər şeyi edirik", -o bildirib.
"Yanılmayın: əgər Rusiya öz planlarına əməl edərsə, o, fəlakətli və lazımsız müharibəyə görə məsuliyyət daşıyacaq... Ancaq mən bir daha deyirəm: Rusiya hələ də diplomatiyanı seçə bilər. Deeskalasiyaya başlamaq və danışıqlar masasına qayıtmaq hələ gec deyil", - o əlavə edib.