Böyük Britaniyanın daxili işlər naziri Priti Patel ölkə iqtisadiyyatına investisiya qoyuluşuna görə viza verilməsi proqramını vətəndaşlığından asılı olmayaraq bütün yeni ərizəçilər üçün ləğv edib.
Bu barədə Britaniya hökumətinin saytında məlumat verilir.
Nazir bildirib ki, bu addım “qanunsuz maliyyələşdirmə və fırıldaqçılıqla mübarizənin yenidən başlaması”dır. “Qızıl viza” proqramı zəngin miqrantları Böyük Britaniya iqtisadiyyatına investisiya qoymağa həvəsləndirmək üçün 2008-ci ildən tətbiq olunurdu. Tier 1 (investor) vizasını almaq üçün ölkə iqtisadiyyatına ən azı 2 milyon funt-sterlinq (4,63 milyon manat) investisiya qoymaq lazım idi.
Nazirlik proqramı krallığın maliyyə sisteminə qanunsuz əldə olunan pulların daxil ola biləcəyi ehtimalına görə bağlayır. Böyük Britaniyaya gəlmək və qaydalara uyğun “oynamaq” istəyənlər “novator vizası” ala bilərlər. Krallıqda innovasiya biznesi yaratmaq istəyən və ona ən azı 50 min funt-sterlinq (115 min manat) investisiya qoyan şəxslər həmin vizanı ala bilərlər. DİN-in bu proqramın təkmilləşməsi üzərində işlədiyi bildirilir.