23 Fevral 2022
Mətni dəyiş
˝Qondarma Donesk və Luqansk Xalq Respublikalarında baş verənlərin soyqırım anlayışına aidiyyəti yoxdur˝. Bu barədə BMT-nin baş katibi Antonio Quterreş açıqlama verib. Onun sözləri təşkilatın saytında yayımlanıb.
“Soyqırım anlayışınən konkret təsviri var və bu sözü beynəlxalq hüquqa uyğun formada işlətmək lazımdır. Düşünürəm ki, LXR və DXR-də baş verənlər bura daxil deyil”. – Quterreş bildirib.
O həmçinin əlavə edib ki, əgər Rusiya hərbçiləri DXR və LXR-ə daxil olarsa, BMT onları sülhməramlılar kimi qəbul etməyəcək.
“Əgər bir ölkənin hərbçiləri digər ölkənin ərazisinə razılıq olmadan daxil olursa onlar səmimi sülhməramlı deyillər. Onlar ümumiyyətlə sülhməramlı hesab edilmirlər”, – BMT-nin baş katibi qeyd edib. O həmçinin “sülhməramlı fəaliyyətinin təhrif olunması” ilə bağlı narahatlığını da ifadə edib.
Quterreş Rusiyanı BMT-nin nizamnaməsinə riayət etməyə çağırıb: “BMT nizamnaməsinin maddələri menü deyil, qanundur. Onları seçib tətbiq etmək olmaz. BMT-nin üzvləri - dövlətlər bu maddələri qəbul ediblər və onların hamısına əməl etməlidirlər”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, BMT Baş katibi Qərbin təzyiqinə məruz qalıb.
O, Antoniu Quterreşin Qərbin təzyiqinə məruz qaldığını və Ukrayna ilə bağlı BMT Baş katibi statusuna uyğun olmayan bəyanatlar verdiyini qeyd edib: “Rusiya Quterreşin Ukrayna ətrafındakı vəziyyətlə bağlı bəyanatlarına öz qiymətini verib”.
Rusiya XİN başçısı onu da bildirib ki, Quterreş heç vaxt Minsk razılaşmalarının yerinə yetirilməsi lehinə səsini ucaltmayıb.