"Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmayana qədər London sakitləşməyəcək"
Bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya iqtisadiyyatı dağılmayana, Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmayana qədər London sakitləşməyəcək.
Böyük Britaniyanın Baş naziri Boris Conson da Rusiyaya qarşı yeni və sərt sanksiyaları elan edib.
O, İcmalar Palatasına müraciətində bildirib ki, Böyük Britaniya Ukraynanı dəstəkləmək üçün əlindən gələni edəcək. Həmçinin Britaniya Ukrayna rəhbərliyinə sığınacaq verməyə hazırdır.
“Müttəfiqlərimizlə birlikdə çalışmağa davam edəcəyik. Nə qədər lazım olarsa, Ukraynanı müdafiə edəcəyik. Vladimir Putinin hərəkəti uğursuzluqla başa çatmalıdır. Ukraynanın rus diktatorluğuna boyun əyəcəyinə inanmıram. Bu, ancaq Ukraynaya deyil, demokratiyaya hücumdur. Sanksiyalar Ukraynaya hərbi müdaxiləyə dəstək verən Belarusa da qarşı tətbiq ediləcək”, - deyə Conson bildirib.