2004-cü ildə Belçikanın Gent şəhərində aralarında həyat yoldaşı və bacısı da olan 4 qadını öldürərək ömürlük azadlıqdan məhrum edilən şəxs Türkiyəyə ekstradisiya edildikdən sonra sərbəst buraxılıb.
Belə ki, 2004-cü ildə həyat yoldaşı və bacısı da daxil olmaqla 4 nəfəri öldürən, 2 nəfəri isə ağır yaralayan Türkiyə vətəndaşı Osman Çallı ömürlük azadlıqdan məhrum edilmişdi. Bir müddət cəza çəkdikdən sonra hökmün geri qalanını Türkiyədə çəkmək üçün müraciət edən Osman Çallı 2013-cü ildə Türkiyəyə ekstradisya edilib. O, 3 il cəza çəkdikdən sonra cəza növü yumşaldılıb. 2020-ci ildə azadlığa buraxılıb. Belçika mediası Osman Çallının prezident Rəcəb Tayyib Ərdoğanın əfvi ilə azadlığa buraxılmasını yazsa da, Çallının vəkili bunu təkzib edərək bildirib ki, Türkiyə qanunlarına görə, cəzanın 5/2-sini çəkəndən sonra azadlığa çıxmaq olur. Qurbanların yaxınları qərarın anlaşılmaz və təəssüfverici olduğunu bildiriblər. Osman Çallı isə mətbuata açıqlamasında bildirib ki, bu yaxınlarda uşağı olacaq, günəşin və azadlığın dadını çıxarır.