11 Fevral 2022
Mətni dəyiş
BBC-nin İrandakı Fars xidmətində çalışan jurnalistlərə və onların ailələrinə qarşı davam edən təqib və sanksiyalarla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) təcili şikayət edib.
BBC-nin verdiyi açıqlamada, İranın jurnalistlərə və müxaliflərə qarşı qeyri-qanuni və sərhədsiz əməliyyatlar aparması nəticəsində artan təhlükəsizlik narahatlıqları fonunda təcili şikayətin edildiyi bildirilib.
Cümə axşamı Estoniyanın paytaxtı Tallinndə keçirilən Media Azadlığı üzrə Üçüncü Qlobal Konfransda səslənən şikayət BBC World News Controller və Dünya Xidmətinin direktoru Lilian Landor və BBC Fars Xidmətinin redaktoru Rozita Lotfi tərəfindən verilib.
BBC-nin açıqlamasında bildirilir ki, İran on ildən artıqdır BBC Fars Xidmətində çalışan jurnalistləri və onların ailələrini hədəfə alıb, media nümayəndələri həbs olunmaq qorxusu ilə İrana qayıda bilmir və onların ailə üzvləri səyahət qadağası, sorğu-sual və əsassız həbslərə məruz qalırlar.
“Təhlükəsizlik riskində həyəcanlı artım”
Vurğulanıb ki, İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimindən sonrakı dövr də daxil olmaqla, son bir ildə baş vermiş hadisələrlə bağlı BBC Fars əməkdaşları ilə görüşlərdən əldə edilən məlumatlar seksual zorakılıq və təhlükəsizlik riskinin həyəcanverici dərəcədə artmasına işarə edir.
BMT-ni və beynəlxalq ictimaiyyəti BBC Farsca xidmətinin jurnalistlərinə qarşı qəbuledilməz davranışlara görə, İranı qınamağa çağıran BBC Dünya Xidmətinin direktoru Lilian Landor deyib:
"Jurnalistləri və onların ailələrini cəzalandırmaq məqsədilə əmlaklarının müsadirə edilməsi, onlayn təqiblər, qadın jurnalistlərə qarşı seksist hücumlar və ölüm xəbərdarlıqları da daxil olmaqla, müxtəlif hərəkətlər və təhdidlər artıb. Buna son qoyulmalıdır. BBC İranda özlərinə və ailələrinə qarşı hədə-qorxu və ya təhdid olmadan işlərini azad şəkildə görməli olan jurnalistləri üçün danışmağa davam edəcək".