ABŞ prezidenti Co Bayden fevralın 15-də televiziya çıxışı zamanı Rusiyanın iddialarına münasibət bildirib.
O deyib ki, Ukraynaya müdaxilə hələ də Rusiyanın gündəmindədir və açıq şəkildə mümkündür.
Baydenin fikrincə, 150 min rus əsgərinin sərhəddə qalması da bu şübhəyə əsas verir.
Rusiyanın müdafiə naziri bəzi qüvvələrin artıq Ukrayna yaxınlığından çəkildiyini deyib.
ABŞ dövlət katibi Entoni Blinken isə deyib ki, bu, hələ dəqiqləşdirilməlidir.
“Rusiyanın geri çəkilmə iddialarına baxmayaraq, 150.000 rus əsgəri Ukrayna ətrafında “təhlükəli mövqedə” qalmaqdadır”, – Bayden belə deyib.
Onun sözlərinə görə, Rusiya belə bir hücum həyata keçirərsə, ciddi əks-sədası olacaq.
“Rusiyanın hərbi əməliyyatlarına qarşı çıxmaq üçün bütün dünyanı bir yerə toplayacağıq. İlk cavab iqtisadi olacaq. Düzdür, Amerika hərbçilərini Ukraynada döyüşməyə göndərməyəcəyəm. Lakin NATO ərazisinə istənilən hücum amerikalılara zərbədir”, – Bayden bildirib.
Bayden əlavə edib ki, o, Rusiya ilə birbaşa qarşıdurma istəmir: “Lakin Rusiya amerikalıları və Ukraynanı hədəf alacaqsa, buna cavab alacaq. Əgər Rusiya şirkətlərimizə və ya kritik infrastruktura qarşı dağıdıcı kiberhücumlar kimi asimmetrik vasitələrlə bizə və ya müttəfiqlərimizə hücum edərsə, biz cavab verməyə hazırıq”.
ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrova deyib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya davam edən müdaxilə hazırlığından narahatdır və “inandırıcı, etibarlı və mənalı de-eskalasiyanın” baş verdiyindən əmin olmaq istəyir.
Fevralın 15-də isə Moskva Ukrayna yaxınlığındakı bəzi qoşun hissələrinin təlimi başa vuraraq öz daimi bazalarına qayıtdığını xəbər verib.
Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin də dialoqu davam etdirmək istədiyini deyib.
Qərb ölkələri isə Rusiya qoşunlarının Ukrayna yaxınlığından çəkilməsinə əmin olmaq istədiklərini bildiriblər.
Blinken Lavrova deyib ki, Vaşinqton, həqiqətən də, “Moskvanın başlatdığı böhranın” diplomatik yolla aradan qaldırılmasını istəyir.
Lavrov isə tərəfləri bir yerdə işləməyə və “praqmatik dialoqa” çağırıb, lakin Vaşinqtonun “aqressiv ritorikasının” qeyri-məqbul olduğunu qeyd edib.
Almaniya kansleri Olaf Şolts fevralın 15-də Rusiya prezidenti Vladimir Putinlə dörd saatlıq danışıqlardan sonra deyib ki, Rusiya və Ukrayna arasında müharibənin önlənməsi üçün daha çox diplomatiyaya ehtiyac var.
Şoltsun Ukraynaya səfərdən dərhal sonra Moskvaya gəlməsində məqsəd Rusiyanın sərhədlərdə cəmləşdirdiyi 100 mindən çox hərbçinin də biləcəyi müdaxilənin qarşısını almaq idi.
Almaniya kansleri Putinlə birgə keçirilən mətbuat konfransında deyib ki, diplomatik imkanlar hələ tükənməyib.
O vurğulayıb ki, Rusiya qoşunlarının bir hissəsinin Ukrayna yaxınlığında təlimlərdən sonra daimi xidmət yerinə qayıtmağa başlaması barədə xəbərlər ümidvericidir: “Burada həll yolunun tapılması mümkündür. Vəziyyət çətin və mürəkkəb görünsə də, məncə, ümidsiz deyil”.
Britaniyanın Xarici işlər naziri Liz Trass fevralın 15-də Ukraynaya yaxın vaxtda təcavüz ehtimalının yüksək olduğunu, Rusiya əsgərlərinin Kiyevə “çox, çox sürətlə” çata biləcəyini deyib.
“Bizə fevralın 16-nın işğal günü olacağını deyiblər, bu günü birlik günü edəcəyik”, – Zelenski fevralın 14-də axşam yaydığı videomüraciətdə deyib.
Prezidentin müraciətinə görə, bu gün ukraynalılar ölkə boyunca dövlət bayrağı qaldıracaq, səhər saat 10-da dövlət himnini səsləndirəcəklər.
“Gəlin, dünyaya birliyimizi göstərək”, – Zelenski deyib.
O, “Birlik günü” telemarafonunda çıxış edərək bildirib ki, ukraynalıları vahid arzu birləşdirir: “Bu da uşaqların sülh şəraitində, ailələri ilə xoşbəxt yaşamağıdır”.
Rusiya Ukrayna arasındakı münaqişə yeni deyil.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Həmin vaxtdan davam edən münaqişədə 13 min 200-dən çox adam öldürülüb.