“Bu gün mən əlavə güclü sanksiyaları və Rusiyaya ixrac oluna biləcək yeni mallarla bağlı məhdudiyyətləri təsdiqlədim. Bu, Rusiya iqtisadiyyatına həm dərhal, həm də zamanla ciddi yükə çevriləcək”.
Bu barədə ABŞ Prezidenti Co Bayden ‘Twitter’ hesabından açıqlama yayıb.Bayden deyib ki, bugünkü qərarla 1 trilyon dollara yaxın aktivləri olan Rusiya banklarına sanksiyalar tətbiq edib.
“Biz Rusiyanın ən böyük bankını və daha dörd böyük bankı da tamamilə bloklayırıq. Bu o deməkdir ki, onların Amerikada olan bütün aktivləri dondurulacaq”. ABŞ Prezidenti bildirib ki, söz verdiyi kimi, sanksiya tətbiq etdikləri Rusiya elitasının və onların ailə üzvlərinin siyahısına adlar da əlavə edirlər: “Bunlar Kreml siyasətindən şəxsən qazanan insanlardır və onlar ağrıya şərik olmalıdırlar. Çərşənbə axşamı biz Rusiya hökumətinin ABŞ və ya Avropa investorlarından pul toplamasını dayandırdıq. İndi biz eyni məhdudiyyəti Rusiyanın ən böyük dövlət müəssisələrinə – aktivləri 1,4 trilyon dollar dəyərində olan şirkətlərə tətbiq edəcəyik. Fəaliyyətlərimizin ən güclü təsirlərindən bəziləri zaman keçdikcə Rusiyanın iqtisadiyyatının strateji sektorları üçün maliyyə və texnologiyaya çıxışını məhdudlaşdırdıqca baş verəcək". Bayden deyib ki, müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyanın yüksək texnologiyalı idxalının yarıdan çoxunu kəsəcələrini təxmin edirlər. “Bu, onların ordusunu modernləşdirməyə davam etmək qabiliyyətinə zərbə vuracaq. Bu, onların aerokosmik sənayesini pisləşdirəcək. Bu, onların gəmi qurmaq qabiliyyətinə zərər verəcək. Bu, Putinin uzunmüddətli strateji ambisiyalarına böyük zərbə olacaq. Və biz daha çox şey etməyə hazırıq”.