"Bakı Metropoliteni" QSC-nin vergi borcu 14 milyon manatı keçib.
AbzasMedianın Dövlət Vergi Xidmətinə sorğusundan sonra aydın olub ki, "Bakı Metropoliteni" QSC-nin 2 fevral 2022-ci il tarixinə olan vergi borcu 14 milyon 103 min 365 manat təşkil edir. Ötən il də "Bakı Metropoliteni" QSC-nin vergi borcu yaranmışdır və bu borc 12 milyon manatı keçmişdi. Ancaq ekspertlər bildirirdilər ki, borcun yaranmasında əsas səbəblərdən biri pandemiyaya görə sərnişinlərin az olmasıdır. Buna baxmayaraq, metronun aylarla bağlı qalması həm də ayrılan dövlət vəsaitlərinə qənaət etmək demək idi. Nəzərə alsaq ki, ötən il dövlət büdcəsindən "Bakı Metropoliteni" QSC-yə 39,2 milyon manat ayrılıb və metro 5-6 ay bağlı qalıb, bu da təxminən 15 milyon manata qədər qənaət demək idi. Ancaq "Bakı Metropoliteni" QSC-nin 2021-ci ili əhatə edən hesabatı yayılmadığına görə, dəqiq rəqəm demək olmur. Aydın olan odur ki, 2021-ci ildə 12 milyon manat çərçivəsində olan borc bu ilin əvvəllərindən etibarən 14 milyon manata çatıb.